Türkiyədən Azərbaycana gətirilən malların karqo qiymətlərinin 500 dollardan 1000 dollaradək artırılması barədə "Sədərək" Ticarət Mərkəzində çalışan sahibkarlara xəbərdarlıq edilib. Bu barədə Yeniavaz.com saytına "Sədərək" Ticarət Mərkəzində çalışan ticarətçilər məlumat veriblər. Sahibkarlar bu xəbərdarlıqdan şok keçirdiklərini bildiriblər: "İndiyədək Türkiyədən gətirdiyimiz malların hər kubmetrinə görə karqo şirkətləri bizdən 500 dollar alırdılar. Bu gün səhər həmin şirkətlərin nümayəndələri bazardakı sahibkarlarla görüşərək, bu məbləğin 1000 dollara qaldırıldığını bildirdilər".
Satıcılar vurğulayıblar ki, bu xəbərdarlıq bütün bazarı çaşbaş salıb: "Karqo şirkətlərinin standartı belədir ki, 1 kubmetrə düşən malın çəkisi 200 kiloqramdan az olmamalıdır. Əgər çəki 200 kiloqramdan azdırsa, onda qiyməti kubmetrlə hesablayırlar. Malın hər kiloqramına görə alacaqları məbləği isə 5 dollara qaldırdılar. İnanın, bu dəqiqə bazarda hamı işini dayandırıb, çaşbaş qalıb ki, belə bir şey birdən-birə necə ola bilər? Seçkiqabağı bunu niyə edirlər, anlamaq olmur. Sizdən xahiş edirik, bu məsələni Gömrük Komitəsi ilə dəqiqləşdirib bizə məlumat verəsiniz, karqoya görə alınacaq məbləğin 500 dollardan 1000 dollara qaldırılmasının onlara aidiyyəti varmı, bu nə məsələdir?".
Satıcılar bildiriblər ki, bu artımdan sonra hər mala görə xərcləri ən azı 10-11 manat artacaq: "Tutaq ki, Türkiyədən Azərbaycana satmaq üçün ayaqqabı gətirirsən. Oradan ayaqqabını 20 manata alırsan, bura gəlib çıxanadək üstünə 10-11 manat əlavə olunacaq. Üstəlik, qazanc üçün biz də üzərinə pul qoymalıyıq. Onda bu malı kim alar, alıcılıq qabiliyyəti onsuz da aşağı idi".
Məsələ ilə Dövlət Gömrük Komitəsi ilə əlaqə saxladıq. Komitənin mətbuat xidmətinin rəisi, gömrük xidməti polkovniki Natiq Axundov saytımıza əvvəlcə bu barədə onda məlumatın olmadığını bildirdi: "Dəqiqləşdirib sizi yığaram, əvvəlcə öyrənim görüm nə məsələdir?"
Bir müddət sonra Natiq müəllim bizimlə əlaqə saxladı və artımın Dövlət Gömrük Komitəsi ilə heç bir əlaqəsinin olmadığını bildirdi: "Karqo şirkətlərinin Gömrük Komitəsinə aidiyyəti yoxdur. Onlar özəl sektordur, işlərinə qarışa bilmərik. Gömrük rüsumlarında isə bununla bağlı dəyişiklik yoxdur. Qanunvericilikdə heç bir dəyişiklik edilməyib. Gömrük rüsumları keçən il necə idisə, bu il də elədir. Türkiyədən gətirilən mala görə ödənişin 500 dollardan 1000 dollara qaldırılması karqo şirkətlərinin özünə aid olan bir məsələdir".
Qeyd edək ki, satıcılar Türkiyədən Azərbaycana yük daşıyan "Şah", "Azərnur", "Polar", "Zirvə", "Rəvan" karqo şirkətlərinin adlarını çəkdilər. Məsələ ilə bağlı onların da mövqeyini öyrənməyə çalışacağıq.
Nicat