
Onların çoxunu müxtəlif vaxtlarda gülərüz, deyib-gülən görürük. Bəzilərinin açıqlamalarından, işləri barədə danışmalarından ürəklərində böyük bir kədər gəzdirdiklərini çox da hiss eləmirsən, hətta onları xoşbəxt hiss edib yerlərində olmağı arzulayırsan, amma...
Yeniavaz.com saytı valideynləri tərəfindən atılan, uşaq evində böyüyən azərbaycanlı məşhurlar barədə məlumatları təqdim edir.
Tanınmış müğənni Bahar Lətifqızı uşaq evində böyüyüb. Bahar xanım o günləri belə xatırlayır: "Uşaqlara qulluq edirdim, analıq etməyə çalışırdım. İkinci sinifdə oxuyurdum, qardaşımın corabları təmizdirmi, səhər dərsə nə geyinəcək deyə düşünürdüm. Səhər dərsə gedirdik, günorta yeməyindən sonra iki saat gəzirdik. Axşam hazırlığından sonra yemək yeyib yatırdıq. Palatanı özümüz yığışdırırdıq, paltarlarımı özüm yuyurdum. İnternatda heç vaxt işgəncə olmayıb. Mila ana həmişə bizi qoruyub. İndi də onu axtarıram, pul verirəm. Ona böyük borcum var. Bayramlarda verilən hədiyyələri uşaqlara paylayırdım. Deyirdilər ki, birinci sənin hədiyyəni yeyək, sonra bərabər yeyərik. Mən onlardan istəyəndə isə vermirdilər. Atam əziyyətimizi çəkməyib, amma qəbir üstünü götüzdürdüm. Qəbrini ot basmışdı, baş daşı da yox idi. Uşaq evində yaşadığım üçün anamı günahlandırmıram, bağışlamışam. Onun nə günahı var? Günah atamdadır. Anam atamdan boşanıb. Yenə də atam qızı olduğuna görə, bizi yalnız buraxmamalı idi. İcazə verməməli idi ki, onun qızı internatda yaşasın. Qardaşımla uşaq evindən çıxandan sonra anamın yaşadığı evə getdik. Evə getmək istəmirdim. İnsan harda yaşayırsa, ora öyrəşir. Doqquz il internatda yaşamışam, Mila ana yanımda olub. Qızdırmam olanda qulluq edib".
Müğənni 6 yaşından 15 yaşına qədər uşaq evində böyüyüb: "15 yaşımda uşaq evindən çıxdım. Çünki qardaşım Arifin 17 yaşı tamam oldu və oradan çıxanda məni tək qoymadı. Uşaq evindən çıxdığım ilk vaxtlar günü "1 şirvan"a kafedə oxumağa başladım. Orada həm də yemək yeyirdim. Bilsəm ki, balam şikəstdir, öləcək, yenə də onu internata vermərəm".
Sözsüz ki, atılmış məşhurlardan söz düşəndə ağıla xalq artisti Arif Quliyev də gəlir. Aktyor 1950-ci ildə Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olub. Arif Quliyev yetimxanada böyüyüb. Xalq artisti bu barədə danışanda çox vaxt göz yaşlarını xatırlaya bilmir. O, uşaq evinin qarşısına gətirildiyi günü indi də xatırlayır: "2 yaşım olarkən qara çarşablı bir qadın məni uşaq evinin qabağında qoyub çıxıb getməsini yaxşı xatırlayıram (Mərdəkandakı 17 nömrəli uşaq evi). Qadın məni atıb gedəndən sonra oranın müəllimləri məni götürüb içəri apardılar. Məni uşaq evinin qarşısına gətirən qadının sözlərini indi də xatırlayıram: "burada gözlə, peçenye alıb gəlirəm". Getdi, amma gəlmədi. Ondan sonra mən nə qohum gördüm, nə də valideyn". Sonradan Əli-Bayramlı şəhərindəki Uşaq Evinə göndərilən Arif Quliyevə soyadı və ata adı da orada verilib".
Samiraldo adı ilə tanınan stilist Samir Əliyev də uşaq evində böyüyüb: "Mənim aləmimdə sevgi məfhumu yoxdur. Mən heç kimdən - nə anadan, nə atadan, nə də ki cəmiyyətdən sevgi görmüşəm. Bunun üçün də sevginin nə olduğunu bilmirəm".
Əməkdar artist Teymur Əmrah da valideyn himayəsindən məhrum olub. Teymur Əmrah 8 oktyabr 1971-ci ildə Gəncə şəhərində anadan olub. Uşaq evində böyüyüb. Gəncə Şəhər Uşaq yaradıcılıq Evində dərs alıb. Sənətə böyük həvəsinin olduğunu, gözəl səsi olduğunu görən müəllimləri ona dəstək olub, təhsilini davam etdirməsinə yardımlarını əsirgəməyiblər.
Hazırda Azərbaycanda yaşayan, Xocalı soyqırımı ilə bağlı həqiqətləri amerikalılara çatdıran Gülayət Hacıyeva da Azərbaycanda uşaq evində böyüyüb. Sosial şəbəkədə kifayət qdər aktivdir. 2002-2006-cı illərdə Bakı Biznes Kooperasiya Kollecində təhsil alıb. 2008-2010-cu illərdə Türkiyə Birinci Ağır Uşaq Cəza Məhkəməsində hakim köməkçisi kimi işləyib. Eyni zamanda Beykent Universitetində İngilis, Türk və Rus dilləri üzrə tərcümə fakultəsində təhsil alıb. 2010-cu ildə Amerikaya yollanıb və Nyu Yorkda "The Law Offices of Andrew P Johnson" hüquq firmasında işləyir.
Nazim Hikmətin oğulluğu, uzun illər Kənd Təsərrüfatı Nazirliyində şöbə müdiri vəzifəsində çalışan Çingiz Fərəcovu çoxları ən azından televiziyadan tanıyırdı. Lakin ömrünün sonuna kimi onu tanıyanların çoxu bilmədi ki, Çingiz Fərəcov uşaq evində böyüyüb. Çingiz Fərəcov 1942-ci ildə Füzuli rayonunun Xələfşə kəndində anadan olmuşdu. Şuşa şəhərindəki 5 nömrəli uşaq evində tərbiyə alıb böyüyib. Uşaq evində və Şuşa rayon mədəniyyət şöbəsinin bədii özfəaliyyət kollektivlərinin fəal üzvü olan Çingiz Fərəcov Bakıda respublika olimpiadasında, 1959-cu ildə isə Moskvada keçirilən Azərbaycan mədəniyyəti və incəsənəti dekadasında iştirak edib. 1960-cı ildə Şuşa Kənd Təsərrüfatı Texnikumunu fərqlənmə (qırmızı) diplomu ilə bitirib, Sumqayıt şəhərinin Altıağac kəndindəki heyvandarlıq sovxozunun 9 nömrəli qoyunçuluq briqadasında əvvəl baş çoban, sonra isə təsərrüfatda baytar texniki təyin olunub. Əməkdar Kənd Təsərrüfatı işçisi idi. Dəfələrlə Azərbaycan SSR Ali Sovetinin deputatı olub. Ailəli idi, üç qızı və altı nəvəsi var. Çingiz Fərəcov 15 dekabr 2016-cı ildə qəflətən iş yerində dünyasını dəyişib.
Yazıçı-publisist, tərcüməçi, dilçi alim Maqsud Hacıyev də uşaq evində böyüyüb. M. Hacıyev o illəri belə xatırlayır: "Kasıb bir kolxozçu ailəsində dünyaya göz açmışam. Uşaqlığı çətin keçib, həyatında ağır günlər olub. Valideynləri onu vaxtsız tərk ediblər və uşaq evində böyüyüb boya-başa çatıb. Orta məktəbi bitirən kimi BDU-nun Şərqşünaslıq fakültəsinə daxil olub, 1959-cu ildə oranı müvəffəqiyyətlə bitirib. Azərbaycanın tanınmış yazıçılarından biri olub, ömrünün dilçilik elminin inkişafına həsr edib.
Nicat
Tətbiqimizi yükləyə bilərsiniz