Maliyyə Nazirliyi: Xarici borcumuz rekord səviyyəyə yüksəlib

Bu ilin əvvəlinə olan məlumata görə, Azərbaycanın xarici dövlət borcu 9 milyard 398.3 milyon dollar (15 milyard 978,1 milyon manat) olub.

Yeniavaz.com Maliyyə Nazirliyindən açıqlanan məlumatlara istinadən bildirir ki, xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 22,8 faiz (2017-ci il üçün hesablanan 70 milyard 135,1 milyon manat ÜDM-ə nisbətdə) təşkil edib.

Qeyd edək ki, bu göstərici bugünə kimi qeydə alınan ən yüksək səviyyə hesab olunur. Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilən kreditlər üzrə şərti öhdəliklər daxil edilib.
Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilən kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilən qiymətli kağızlardan ibarətdir.

Maliyyə Nazirliyinin açıqladığı statistik göstəricilərə istinadən apardığımız hesablamalar göstərir ki, son 15 il ərzində, yəni 2003-cü illə müqayisədə xarici dövlət borcumuz 5,9 dəfə artıb. Belə ki, 2003-cü ildə xarici borcumuz 1,575 milyard dollar səviyyəsində olub.

Həmin il xarici borcun ÜDM-yə nisbəti 20% təşkil edib. Sonrakı illərdə xarici borcun məbləği davamlı olaraq artsa da, bu artım ÜDM-nin artım tempindən aşağı olduğu üçün ÜDM-yə nisbəti də azalıb.

2008-ci ildə xarici borcun ÜDM-yə nsbəti ən aşağı səviyyəyə 6,4%-ə düşüb. Lakin 2008-ci ildən başlayaraq xarici borcun ÜDM-yə nisbəti yenidən artmağa başlayıb.

Hazırda isə qeyd etdiyimiz kimi, xarici borcun ÜDM-yə nisbəti rekord səviyyəyə yüksəlib.

DİGƏR XƏBƏRLƏR

Top