Mingəçevir sakinləri çörəyin keyfiyyətindən narazıdır

Çörək insan sağlamlığı üçün zəruri olan demək olar ki, bütün qidalandırıcı maddələri özündə ehtiva edir. Hətta bir çox xəstəliklərdə əsas risk faktoru qidaların keyfiyyətsizliyi ilə bağlıdır. Bir sıra qidalar elə hazırlanır və onlara elə qatqılar əlavə olunur ki, bizi yaşatmaq əvəzinə, ömrümüzdən kəsirlər. Təəssüflər olsun ki, Mingəçevir şəhərində çörək istehsalının bərbad vəziyyəti yediyimiz çörəyin əsl çörək olmasını sual altına alır. Mingəçevirdə çörəyin keyfiyyəti və istehsalı bərbad vəziyyətdədir. Bununla bağlı mətbuatda yazılar dərc edilib, amma heç bir aidiyyəti qurum bu məsələ ilə maraqlanmır. Şəhərin bütün ərzaq mağazalarında satılan çörəklər standartlara cavab vermir.

Qeyd edək ki, hər çörək növünün öz standartı var. Amma mağazadan aldığımız çörəklərin müəyyən hissəsi yeyiləsi deyil. 30 qəpiyə satılan çörəyin əslində çəkisi 500 qram olmalıdır. Lakin bu belə deyil. Qiyməti 30 qəpiyə satılan çörəyin çəkisi 420 qramdır. Problem bununla bitmir. Bəzi çörəklərin içi xəmirdir. Bir çox hallarda səhərə qalan çörəyi yemək mümkün olmur. Hələ bəzi kiçik marketlərdə çörəyi elə əskilərə bükürlər ki...

Qeyd edək ki, Mingəçevir şəhərində bütün normalara cavab verən çörək sexi yoxdur. Məqsədimiz sahibkarların işinə kölgə salmaq deyil. Şəhər sakinləri qaldırılan bu problemlə aidiyyəti qurumların maraqlanmasını tələb edirlər.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top