Yanvarda içki və siqaretə 159, benzinə 162 milyon manat xərcləmişik

Bu ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində satılan məhsulların dəyəri əvvəlki ilin eyni ayının səviyyəsini müqayisəli qiymətlərlə 2,4 faiz üstələyərək 2 milyard 794,6 milyon manata bərabər olub. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, ticarət dövriyyəsinin 1 milyard 411,4 milyon manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 1 milyard 383,2 milyon manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılan məhsulların dəyəri 2017-ci ilin yanvar ayının göstəricilərini real ifadədə müvafiq olaraq 1,7 faiz və 3 faiz üstələyib.

Hesabat ayında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 44,8 faizi ərzaq məhsullarının, 5,7 faizi içkilər və tütün məmulatlarının, 17,4 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1 faizi elektrik malları və mebellərin, 5,8 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,2 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

2018-ci ilin yanvar ayında istehlak məhsullarının 14 faizi ticarət müəssisələri, 52,9 faizi fərdi sahibkarlar tərəfindən, 33,1 faizi isə bazar və yarmarkalarda satılıb. 2017-ci ilin eyni ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 19,8 faiz, fərdi sahibkarlar üzrə 0,1 faiz artıb, bazar və yarmarkalar üzrə isə 0,2 faiz azalıb.

Hesabat ayında əhalinin bir nəfərinə düşən orta pərakəndə ticarət dövriyyəsi 285,7 manat və ya 2017-ci ilin müvafiq ayının göstəricisindən nominal ifadədə 20 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla 144,3 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 141,4 manatlıq qeyri-ərzaq məhsulları alıb.

DİGƏR XƏBƏRLƏR

Top