“NATO müttəfiqimiz, uzun illərdir strateji tərəfdaş olaraq düşündüyümüz ABŞ artıq ağlını başına toplayaraq dürüst qərar verməlidir”.
Yeniavaz.com-un “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım makedoniyalı həmkarı Zoran Zaev ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərini də terrorçulardan təmizləyəcək: “Çirkli sövdələşmənin tərəfi olmayacağıq. Terror bizim üçün ən böyük təhdiddir. ABŞ bunu görməsə, etməli olduğumuz nəysə onu etməyə davam edəcəyik. Həm Afrində edərik, həm də digər bölgələrdə terror təhdini aradan qaldırmaq üçün atılmalı olan addımları atarıq. Başqasından icazə almağa ehtiyacımız yoxdur”.
B. Yıldırım qeyd edib ki, Türkiyənin regiondakı fəaliyyəti təkcə öz vətəndaşlarının təhlükəsizliyini deyil, eyni zamanda bütün Avropa İttifaqının, Balkan yarımadasının təhlükəsizliyini təmin etməyə yönəlib: “Əgər Türkiyə buralara sahib olmasa, bütün Avropa həm miqrant böhranına, həm də terror dalğasına görə böyük zərər ödəyəcək. Aİ bunu təəssüf ki, yetərincə görmür və təqdir etmir”.