Mingəçevirdə küçə itlərinin sayı günbəgün artır. Dəstə-dəstə gəzən "dördayaqlılar" artıq şəhər sakinlərinin qorxulu kabusuna çevrilib. Çünki onlar dəfələrlə insanlara hücum edib, qorxudub. Elə buna görə də Mingəçevirdə insanlar səhər və axşam saatlarında küçəyə çıxmağa ehtiyat edirlər.
Yeniavaz.com saytına müraciət edən şəhər sakinləri bildirib ki, səhər uşaqları məktəbə apararkən həyəcan keçiririk. Sakinlərdən Əminə Salmanova deyib: "Uşağın əlindən tutub məktəbə gedərkən yolda hiss elədim ki, arxadan ayağıma isti nəfəs dəyir. Əgər cəld tərpənməsəydim, it mənə hücüm edəcəkdi. Qış ayı olduğundan ac itlər artıq insanlara hücum etmək dərəcəsinə çatıblar".
Onu da qeyd edək ki, şəhərdə itlərə sahib çıxılması, onların müayinəsi, zərərsizləşdirilməsinə çalışılması, qısırlaşdıraraq sayının artmasının qarşısının alınması ilə bağlı heç bir tədbir görülmür. İtlər sürü halında gəzərək, bütün şəhəri dolaşırlar. Hətta binaların bloklarına da girirlər.
Xarici ölkələrdə bizdən fərqli olaraq itlərin qəddarcasına öldürülməsi halları yoxdur. Orada küçə heyvanları müxtəlif qurumlar tərəfindən toplanır, müayinə olunur. İnsanlar üçün təhlükəli olan itlər ağrısız şəkildə öldürülür. Digərləri isə müəyyən prosedurlardan sonra buraxılır. Eyni zamanda işarə vurulur ki, insanlar onları ayıra bilsinlər. Baxmayaraq ki, Azərbaycan 2007-ci ilin mayında Heyvan Hüquqlarının Qorunmasına dair Avropa Konvensiyasına qoşulub - regionlarda bu məsələ ilə bağlı heç bir tədbir görülmür.
Esmira Hidayətova, Mingəçevir