İlahiyyat İnstitutu bizə nə verəcək? - Deputat sərəncamı şərh etdi

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev Azərbaycan İlahiyyat İnstitutunun yaradılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi öz tabeliyində Azərbaycan İlahiyyat İnstitutu yaradacaq. Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin üzvü Cavanşir Paşazadə sərəncamı şərh edib. “Dünyada elmi biliklər inkişaf etdikcə, dini biliklərin də zənginləşməsinə ehtiyac yaranır.Təkcə Azərbaycanda deyil, dünyada da dini sahə ilə bağlı müəyyən qüsurlar ortaya çıxır. Dinlər düzgün təqdim olunmur. Bu da insanlar arasında dinlərlə bağlı yanlış düşüncə ortaya qoyur. Düşünürəm ki, prezidentin İlahiyyat İnstitutunun yaradılması haqqında sərəncam imzalaması Azərbaycanda dinlərin daha düzgün təqdim olunmasına kömək edəcək. Belə bir təhsil ocağının fəaliyyət göstərməsi yüksək ixtisaslı kadrların çoxalmasını sürətləndirəcək”. Milli Məclis üzvünün sözlərinə görə, İlahiyyat institutunda təkcə İslam dini tədris olunmayacaq. “Fikrimcə, yeni yaradılacaq institutda təkcə İslam dini deyil, digər dinlər də tədris olunacaq. Belə bir institutun yaradılması dini elmləri dərindən məniməmək istəyənlərə geniş imkanlar açacaq. İnsanların maariflənməsinə xidmət göstərəcək. Cənab prezidentə təşəkkür edirəm ki, bu qədər işlərin içərisində insanların dini təhsil alması üçün belə bir institutun yaradılması ilə bağlı sərəncam imzaladı”.


Qeyd edək ki, sərəncamda Təhsil Nazirliyinə Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin Azərbaycan İlahiyyat İnstitutunun strukturuna daxil edilməsini təmin etmək tapşırılıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi isə iki ay müddətində Azərbaycan İlahiyyat İnstitutunun nizamnaməsini Azərbaycan Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir.Modern.az

DİGƏR XƏBƏRLƏR

Top