Azərbaycanlı nazirlər hansı fakültədən məzun olublar?

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov 1984-cü ildə Azərbaycan Dövlət Universitetinin geoloji-kəşfiyyat fakültəsini bitirib. K. Heydərov Azərbaycan Universitetində ikinci ali təhsil alıb.

Vergilər naziri Mikayıl Cabbarov 1997-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1997-1998-ci illərdə ABŞ-ın Kaliforniya ştatının Sakramento şəhərindəki Pasifik Universitetinin Makcorc Hüquq məktəbində hüquq, 2004-cü ildə isə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsi alıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov 1983-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun uçot-iqtisad fakultəsini fərqlənmə diplomu ilə bitirib. 1983-1987-ci illərdə Moskva Dövlət Universitetinin aspiranturasında təhsilini davam etdirib.

Kənd Təsərrüfatı naziri Heydər Əsədov 1978-ci ildə Bakı Sovet Ticarəti Texnikumunun mühasibat uçotu fakültəsini, 1983-cü ildə isə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsini bitirib.

Daxili işlər naziri Ramil Usubov 1973-cü ildə Bakı Xüsusi Orta Polis məktəbini, 1980-ci ildə isə SSRİ DİN-in Akademiyasını bitirib.

Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov 1978-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsindən məzun olub.

Gənclər və İdman naziri Azad Rəhimov Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsinin əyani şöbəsinə daxil olub, 1986-cı ildə həmin fakültənin axşam şöbəsini bitirərək, ingilis dili müəllimi ixtisası üzrə ali təhsil alıb.

Maliyyə naziri Samir Şərifov 1983-cü ildə Ukraynada, Kiyev Dövlət Universitetinin Beynəlxalq əlaqələr və beynəlxalq hüquq fakültəsinin Beynəlxalq iqtisadi əlaqələr bölməsini bitirib.

Müdafiə naziri Zakir Həsənov 1980-ci ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib.

Müdafiə Sənayesi naziri Yavər Camalov 1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirib.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 1973-1978-ci illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda təhsil alıb.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə 1997-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu bitirib.

Səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycan Tibb İnstitutunu bitirib.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev 1980-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib. 1997-ci ildə DİN-in Polis Akademiyasından məzun olub.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov 1977-1982-ci illərdə Kiyev Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq bölməsində təhsil alıb.

İqtisadiyyat naziri Şahin Mustafayev 1989-cu ildə M. Voznesenski adına Maliyyə-İqtisad İnstitutunun Bakı filialını bitirib.

Ədliyyə naziri Fikrət Məmmədov 1977-ci ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsini, 1989-cu ildə Bakı Ali Partiya Məktəbini bitirib.

Diaspora ilə İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov 1980-ci ildə Azərbaycan Politexnik İnstitutuna daxil olub və 1985-ci ildə mühəndis-mexanik ixtisası üzrə həmin institutu bitirib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsindən fərqlənmə diplomu ilə məzun olub.

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov 1964-1969-cu illərdə Azərbaycan Neft və Kimya İnstitutunun mexanika fakültəsində təhsil alıb. 1981-1985-ci illərdə Bakı Ali Partiya Məktəbində təhsilini davam etdirib.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov 1978-1983-cü illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil alıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, siyasi elmlər doktoru, professor Hicran Hüseynova 1977-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib.

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. 1992-ci ildə isə Azərbaycan Dövlət İqtisad İnstitutunu fərqlənmə diplomu ilə bitirərək iqtisadçı ixtisasına yiyələnib.

Baş prokuror Zakir Qaralov 1979-cu ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.

İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanova 1955-1959-cu illərdə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsində təhsil almış və oranı fərqlənmə diplomu ilə bitirib.

DİGƏR XƏBƏRLƏR

Top