Yeni tikililərdə bu da oldu: digər borclara görə mənzillərin işığını kəsirlər

Yeni tikililərdən ev alan ailələrin problemləri bitib-tükənmək bilmir. Bir çox hallarda vətəndaşlara edilən haqsızlıqlarla bağlı olunan müraciətlərə ümumi cavab verilir, məsələ öz həllini tapmır. Belə problemlərdən biri də yeni tikililərdə lift pulu, təmizlik pulu borcuna görə - mənzillərin elektrik enerjisinin kəsilməsidir. Elektrik enerjisindən istifadəyə görə borcu olmayan ailələr digər borcları bəhanə gətirilərək MTK-lar tərəfindən işıqlarının kəsilməsinə etiraz etsələr də, əhəmiyyət verən yoxdur. Eyni vəziyyətlə üzləşən ailələr DİN-in 102 xidmətinə zəng vurub şikayələrini bildirmək istədikdə isə onlara bildirilir ki, bu, vətəndaşlarla "Azərenerji" arasında olan məsələdir.

Bəs yeni tikililərdə digər borclara görə mənzillərin işığının kəsilməsi nə dərəcədə doğrudur?

Yeniavaz.com saytı bununla bağlı əvvəlcə hüquqşünas Qaçay Şahbazovdan münasibət öyrənib: "Bu tamamilə qanundankənar bir işdir. Hər bir işin özünəməxsus icra qaydaları var. Elektrik enerjisinin haqqı ödənilibsə, ora kənar şəxslərin müdaxiləsi ümumiyyətlə qadağandır. Hansı təyinatda borc yaranıbsa, ona şamil olunmalıdır. MTK-lar tikinti təşkilatıdır, onlar kommunal xidmət göstərən təşkilat deyillər".

Hüquqşünasın sözlərinə görə, qanunvericiliyin tələblərinə görə, vətəndaşların digər borca görə işığının, qazının, suyunun kəsilməsi qəti qadağandır: "Ona görə də vətəndaşlar məhkəmələrə müraciət etsinlər. Əgər vətəndaşlar istəyərlərsə, Azad İstehlakçılar Birliyinə də bu problemlə bağlı müraciət edə bilərlər. Biz bu məsələ ilə əlaqədar təmənnasız olaraq onların hüquqlarını müdafiə etməyə hazırıq. Gəlsinlər, biz onların ərizələrini alaq, bu işlə məşğul olaq. Onu da qeyd edim ki, bu məzmunda 50-dən çox vətəndaşın müraciətini vətəndaşın xeyrinə həll edə bilmişik".

"Yeni Bakı" şəhərciyində mənzillərin qapısını döyüb digər borclara görə işıqlarının kəsiləcəyi barədə vətəndaşlara xəbərdarlıq edən Arzu adlı komendatla əlaqə saxladıq. Komendant dedi ki, "gəlin, nə araşdırmanız varsa, burada - komendatlıqda edin". O, suallarımıza telefonla cavab verməkdən imtina etdi.

"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevdən də məsələyə münasibət öyrəndik. T. Mustafayev belə problemlərin tez-tez yaşandığını təsdiqlədi: "Belə problem yaşanan yeni tikililər var. Biz MTK-ların daxili problemlərinə müdaxilə etmirik. Bunlar hamısı onların daxili işləridir. Yeni tikililərin çoxunda bizim abonent hələ də MTK-dır. Ona görə də bu kimi problemlər olanda biz müdaxilə eləmirik - vətəndaş özü qeydiyyatdan keçib, bizim abonent olana qədər. Hazırki vəziyyətdə bizim ümumi abonentimiz MTK sayılır. Əgər MTK-nın borcu varsa, işığını kəsirik".

"Vətəndaşlar bu problemlə bağlı hara müraciət etməlidirlər?" sualımıza Tanrıverdi Mustafayev: "Bu halda vətəndaşlar birbaşa komendatı sorğu-sual etməlidilər ki, elektrik enerjisinə görə borcum yoxdur, işığımı niyə kəsirsən?",-cavabını verib.

Tanrıverdi Mustafayevin verdiyi cavabı MTK sakinlərinə bildirdikdə, onlar əllərində "Azərişıq"ın çekinin olduğunu bildirdilər: ""Azərişıq" tərəfindən bizə 2 ay öncə abonent kodu verilib.

Onların əllərində "Azərişıq"ın çekinin olması məsələsinə Tanrıverdi Mustafayevin cavabı belə oldu: ""Elektrik enerjisindən istifadə qaydaları" əsasında MTK "Azərişıq"ın abonentidir. MTK-nın daxilində olan əhali, qeyri-əhali hamısı MTK-ya aiddir. Əgər bina təhvil verilibsə, ondan sonra mənzil sahibləri olurlar bizim abonent. Bina təhvil verilməyibsə, MTK bizim abonentimizdir. İstehlakçı MTK-dır. MTK bizə məlumat verir ki, binamda, mənzilimdə bu adam yerləşib, işlətdiyi işıq bu qədərdir, biz də ona uyğun çek veririk, sayğac da qoyuruq. MTK bizə müraciət eləyir, rəsmi, qanun daxilində icra eləyirik. Bir daha vurğulayıram, bina təhvil verilməyibsə, bizim abonent MTK-dır, baxmayaraq ki, vətəndaşın əlində "Azərişıq"ın bildirişi var.

"Gənclər şəhərciyi"ndə də eyni problem var idi. Neyləyək, işıq verməyək onlara? MTK binanı tikdirir, qazını, işığını verməmiş camaatı köçürür ora. Uşağı, xəstəsi olanlar var. Bəzən görürsən kimsə zibilin daşınma pulunu, kimisi liftin pulunu vermir, öz daxili işləridir, biz ona qarışmırıq".

Bildirişdə mənzil sahiblərinin adının yazılmasına gəlincə, Tanrıverdi Mustafayev: "MTK bizə siyahı verir, bildirir ki, məsələn, burada 100 nəfər yaşayır. Soyadı, adı - biz də ona uyğun bildirişini veririk. Amma bina təhvil verilmədiyi üçün bu halda da bizim abonentimiz MTK-dır. Bizim işlərimiz hamısı qanun daxilindədir, qanundan kənara çıxmırıq. Vətəndaşlar bu problemlərini mütləq komendantla həll etməlidirlər, onların daxili işidir".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top