Əcnəbi turistlərin 82%-i Azərbaycana 5 ölkədən gəlib

Bu ilin yanvar ayı ərzində ölkəmizə gələn xarici vətəndaşların sayı 185 min nəfəri keçib və bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 17% artım deməkdir. Yeniavaz.com Mədəniyyət və Turizm nazirliyindən açıqlanan məlumatlara istinadən bildirir ki, Azərbaycana gələn xarici vətəndaşlarının sayına görə üstünlük təşkil edən ölkələr qonşu ölkələr olan Rusiya (59 min 990 nəfər), Gürcüstan (45 min 679 nəfər), Türkiyə (24 min 276) və İran (13 min 437 nəfər), həmçinin Birləşmiş Ərəb Əmirlikləri (8 min 265 nəfər) olub. Bu 5 ölkədən gələn xarici vətəndaşların sayı yanvar ayı ərzində ölkəmizə gələn xarici ziyarətçilərin 82%-ni təşkil edib.

Keçən ilin yanvar ayı ilə müqayisədə say etibarilə daha yüksək artımın müşahidə edildiyi ölkələr Türkiyə (5 min 379 nəfər), Gürcüstan (4 min 480 nəfər), Rusiya (3 min 774 nəfər) və BƏƏ (2 min 869 nəfər) olub. Bu ölkələrdən gələnlərin sayındakı artım cəmi 16 min 502 nəfər təşkil edibdir ki, bu da ümumi artımın 61%-ni təşkil edib.

Keçən ilin yanvar ayı ilə müqayisədə faiz etibarilə daha yüksək artımın müşahidə edildiyi ölkələr isə Küveyt (540%), Pakistan (316%), Hindistan (234%) və Qətər (167%) olub. Bu ölkələrdən Azərbaycana gələnlərin sayında artım cəmi 5 min 720 nəfər təşkil edibdir ki, bu da ümumi artımın 21%-ni təşkil edib.

Ölkə ərazisini ziyarət edən xarici vətəndaşların 130 min 118 nəfəri (69,9%) kişi, 55 min 795 nəfəri (30,1%) isə qadınlar olub.

DİGƏR XƏBƏRLƏR

Top