Bir çox sabiq icra başçısı xəstəlikdən vəfat edib - SİYAHI

Bu gün Rayon İcra Hakimiyyəti başçısı vəzifəsində çalışanlar arasında elələri var ki, özünü sanki həmişəlik belə bir vəzifədə görür. Davranışları, danışığı ikrah doğuran bu insanlar təkəbbürdən fərqinə varmırlar ki, hər şey müvəqqəti olduğu kimi, vəzifə də daimi deyil. 3 il, 5 il, 10 il, lap 15 il bir vəzifədə çalışa bilərsən, ancaq bir gün sənin yerinə bir başqası gələcək, səni əvəzləyəcək və sən də olacaqsan sıradan biri. Vəzifədə olarkən elə bir ad, imic qazanmaq lazımdır ki, işsiz qalanda insanların arasına alnıaçıq, üzüağ çıxa biləsən, dünyanı dəyişəndə rəhmətlə anılasan. Sözsüz ki, belələri də az deyil.

Yeniavaz.com saytı müxtəlif illərdə Rayon İcra Hakimiyyəti başçısı vəzifəsində çalışmış, lakin dünyasını dəyişmiş şəxslərin siyahısını hazırlayıb.

Bir müddət öncə Mingəçevir Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Məhəbbət Qarabağlı vəfat etdi. Onun dünyasını dəyişməsi saytlarda xəbər oldu. Məlumat üçün bildirək ki, Məhəbbət İsmayıl oğlu Qarabağlı uzun sürən xəstəlikdən sonra 76 yaşında dünyasını dəyişib. İxtisasca müəllim olan Məhəbbət Qarabağlı 1999-cu ildən 2005-ci ilə qədər Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Lənkəran Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Hüseynqulu Məmmədli də dünyasını dəyişib. 68 yaşlı H. Məmmədli uzun müddət idi ağır xəstəlikdən əziyyət çəkirdi.

Bakının Nizami Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Xaqani Hüseynli vəfat edib. X. Hüseynli Ukraynanın paytaxtı Kiyevdə dünyasını dəyişib. Onun infarkt nəticəsində dünyasını dəyişdiyi bildirilir.

Xaqani Hüseynli Elçibəy hakimiyyəti dönəmində Bakının Nizami rayonunun icra başçısı vəzifəsində çalışıb. Sonradan o Ukraynaya köçüb və hətta Ukraynanın keçmiş prezidenti Viktor Yuşşenkonun müşaviri vəzifəsində işləyib.

Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Rafael Allahverdiyev də vəfat edib. R. Allahverdiyev 1993-cü ildən 2000-ci ilə qədər Bakı şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. R. Allahverdiyev iki dəfə millət vəkili seçilib. O, 2000-ci ilin oktyabrında deputat mandatından imtina edib. Rəfael Allahverdiyev Azərbaycandan mühacirət etdikdən sonra İsveçrədə yaşayıb. O, beyin xərçəngindən əziyyət çəkirdi.

Sabirabad Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Səmid Səmədov 64 yaşında dünyasını dəyişib. 1992-1993-cü illərdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı işləmiş Səmid Səmədov uzun illər ağır xəstəlikdən əziyyət çəkib.

İsmayıllı Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Rasim Şərifov vəfat edib. R. Şərifov 63 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib. O, 1992-1993-cü illərdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Tərtər Özünümüdafiə Batalyonunun sabiq komandanı, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı olmuş Sərdar Həmidov dünyasını dəyişib. S. Həmidov birinci Qarabağ savaşında bir neçə güllə yarası alıb, ağciyərinin bir payını itirib. Uzun illərdir o, yuxarı tənəffüs yolları xəstəliyindən, hipertoniyadan, diabetdən əziyyət çəkirdi.

Masallı Rayon İcra Hakimiyyətinin sabiq başçısı Şirəli Əhədov xəstəlik nəticəsində dünyasını dəyişib. Ş. Əhədov uzun illər Masallı Rayon Təhsil Şöbəsinin müdiri, sonralar isə Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Həsənəli Qədimov vəfat edib. 1995-2000-ci illərdə isə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. 6 iyun 2015-ci ildə dünyasını dəyişib.

Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı olmuş Əvəz Hüseynquliyev bir neçə il öncə vəfat edib. Həmin vaxt onun gah intihar etdiyi, gah da qətlə yetirildiyi bildirilirdi.

1993-94-cü illərdə Samux Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini icra etmiş Vaqif Hüseynov da dünyasını dəyişib. V. Hüseynov Gəncə qiyamında günahlandırılırdı. Saxlanıldığı kamerada dünyasını dəyişən Vaqif Hüseynov şəkərli diabet və digər xəstəliklərdən əziyyət çəkirmiş.

Hazırladı: Nicat

DİGƏR XƏBƏRLƏR

Top