BDU-dan Abel Məhərrəmovla bağlı AÇIQLAMA

Bu gün bəzi saytlarda Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmovun Təhsil naziri təyin ediləcəyi xəbəri yayılıb. Yeniavaz.com saytı xəbər verir ki, "a24.az"-ın məlumatında bildirilir ki, yeni "Təhsil naziri kim olacaq" sualı yaxın günlərdə cavabını tapacaq: "Nazirlikdəki mənbə sayta bildirib ki, bu günlərdə Prezident Təhsil naziri postuna təyinatla bağlı sərəncam verəcək. Günün əsas sualı isə budur: bəs, bu şəxs kim olacaq?

Bu vəzifəyə ən şanslı namizəd sayılan BDU-nun rektoru Abel Məhərrəmovun artıq öz vəzifə səlahiyyətlərini prorektora həvalə etdiyi, bu həftədən etibarən təhvil-təslim işlərinə başladığı bildirilir".

Yeniavaz.com saytı Abel Məhərrəmovun təhsil naziri təyin olunacağı, artıq təhvil-təslim işlərinin getməsi barədə iddiaların nə dərəcədə doğru olduğunu BDU-nun mətbuat katibi Pərvanə İbrahimovadan soruşub.

P. İbrahimova saytımıza yayılan məlumatların əsassız olduğunu bildirib: "Yayılan məlumat doğru deyil. Hansısa saytın xəbəri ilə kimsə vəzifəyə təyin olunur? Bu məlumatlar doğru deyil".

Mətbuat katibi BDU-da təhvil-təslim işlərinin getməsi barədə fikirlərin də yalan olduğunu dedi: "BDU-da təhvil-təslim getmir. Hər kəs öz işinin başındadır. Bu məlumatlar həqiqəti əks etdirmir".

Xatırladaq ki, Abel Məhərrəmov 1999-cu ildən Bakı Dövlət Universitetinin rektorudur.

Təhsil naziri postu isə 2 aydan çoxdur boşdur.

Nicat

DİGƏR XƏBƏRLƏR

Top