
İran Prezidenti Həsən Ruhani Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatına münasibət bildirib.
Yeniavaz.com-un TASS-a istinadən verdiyi məlumata görə, H. Ruhani qeyd edib ki, qanunu hökumətin icazəsi olmadan istənilən xarici qüvvələrin Suriya ərazisində mövcudluğu qəbuledilməzdir.
O bildirib: “Bizim prinsipial mövqeyimiz ondan ibarətdir ki, Dəməşqin razılığı olmadan istənilən xarici qüvvənin Suriya ərazisində iştirakı qəbuledilməzdir”.
Qeyd edək ki, H. Ruhani bu gün rusiyalı həmkarı Vladimir Putin ilə keçirdiyi telefon danışığında buna işarə edərək demişdi ki, İran Suriya hökuməti və xalqının icazəsi olmadan bu ölkənin ərazisində xarici qüvvələrin iştirakına qarşı çıxış edir.
H. Ruhaninin sözlərinə görə, Suriyanın şimalında gərgin vəziyyətin davam etməsi heç kəsə faydalı deyil: “Biz ümid edirik ki, regionun bütün ölkələri Suriyanın ərazi bütövlüyü və suverenliyinə hörmət edəcək”.
Bununla belə, o qeyd edib ki, İran, Rusiya və Türkiyənin Suriya üzrə əməkdaşlığı bu ölkədə terror üzərində yekun qələbəyədək davam etməli və gücləndirilməlidir.
Tətbiqimizi yükləyə bilərsiniz