"Saxta müharibə veteranlarının dövlətdən aldıqları pensiyalar geri alınır"

Saxta yolla Qarabağ müharibəsi veteran vəsiqəsi aldığı müəyyən edilən şəxslər dövlətdən aldıqları pensiyanı geri qaytarmağa məcbur edilirlər. Bu fikirləri Yeniavaz.com saytına Qarabağ Əlilləri və Veteranları Cəmiyyətinin sədri, Qarabağ müharibəsi veteranı Növrəstə Yusifova bildirib.

Növrəstə Yusifovanın sözlərinə görə, belələri ilə həm dövlət, həm də əsl müharibə veteranları xətti ilə mübarizə aparılır: "Belə hallar az olmayıb. Hətta bizim təşkilata üzv olmaq üçün müraciət edənlər olub ki, onlarla bağlı rəsmi müraciət edib araşdırma aparanda döyüşdə olmadıqları üzə çıxıb".

N. Yusifovanın dediyinə görə, 4 ildən artıqdır bu proses gedir: "Kim Qarabağ döyüşlərində olmayıbsa, yaxud fərarilik edib sonra döyüşlərə qayıdıbsa, onların veteran vəsiqələri alınmalıdır. Əgər onlar əfv olunublarsa, bu başqa bir şeydir, ancaq veteranlığa layiq deyillər. Saxta veteranlardan kim dövlətdən aldığı pensiyanı geri qaytarmayıbsa, onlar məhkəməyə verilib əllərindən alınmalıdır. Bu, dövlətin puludur".

Təşkilat sədri deyir ki, əgər kiminsə veteranlığı ilə bağlı şübhələr varsa, bununla bağlı aidiyyəti qurumlara müraciət edilir: "Əvvəlcə müraciət edirik həmin şəxsin cəbhəyə göndərildiyi quruma - Sərhəd Qoşunlarına, Daxili İşlər Nazirliyinə, yaxud Müdafiə Nazirliyi xətti ilə gedibsə, ora. Elələri var araşdırılıb və məlum olub ki, həqiqətən, döyüşdə olmayıb. Onların bəzilərini hətta məhkəməyə vermişik".

Növrəstə xanım qeyd edir ki, bu günə qədər döyüşdə olan, ancaq veteran statusu ala bilməyənlər də az deyil: "Bizim təşkilatın üzvü olanların təqribən 30 faizi hələ də veteran vəsiqəsi ala bilməyib. Hiss-hissə almağa çalışırıq. Biz hamını tanıya bilmərik. Kim tanımadığımız bir insanın bizim təşkilatımıza üzv olunmasını istəyirsə, onu bura gətirən zəmanət verir. Zəmanətdən sonra biz onun öz ərizəsi əsasında dövlət qurumlarına müraciətlər eləyirik, arxiv sənədlərini sivil formada əldə etməyə çalışırıq. Bu işin axırınadək gedirik. Əgər "yox" cavabı verilirsə, biz də ona bu barədə məlumat verir, üzvlüyündən imtina edirik. Döyüş şəkli varsa, döyüş bölgəsində videoya düşübsə, qəzetdə onunla bağlı yazı çıxıbsa, veririk məhkəməyə ki, onun haqqı, hüququ bərpa olunsun. Təəssüf ki, bəzi hallarda döyüşlərdə iştirak edən insanların bir çoxunun arxivdə sənədləri çıxmır, ancaq fərarilərinki çıxır.

Dövlətin bütün veteranlara verdiyi kompensassiya saxta veteranlara da verilib. Ancaq sonradan hansı ifşa olunubsa, üzə çıxıbsa geri alınıb. Ya məhkəmə yolu ilə, ya da özü könüllü qaytarıb və deyib ki, məni məhkəməyə verməyin.

Könüllülər dəstəsindən olan insanlar da var ki, veteran statusu almaqla bağlı problemləri hələ də həll olunmayıb. Həmin dövrdə müdafiə naziri olmuş şəxsin əmri var ki, onlar həqiqətən, könüllü olublar. Onların 40-50 nəfəri məhkəməyədək gediblər, ancaq məhkəmə deyir ki, belə bir sənəd yoxdur. Məhkəməyə Müdafiə Nazirliyindən bir nümayəndə gəlir, deyir "filan şey düz deyil". Sənədə yazır ki, təsdiq olunmadı, beləcə, kitab-dəftəri bağlayırlar. Gəl bir də eyni şeyi təzədən yaz, yenə get məhkəməyə, ali məhkəməyə, get apelyasiyaya. Uşaqlar da yazıqdılar axı. Mən uşaq dediyimə baxmayın ey, yaşı-başı ağarmış kişilərdir".

DİGƏR XƏBƏRLƏR

Top