Dünyanın ən dəyərli brendləri məlum oldu: "Facebook" 4 pillə irəlilədi

"Amazon" dünyanın ən bahalı brendi hesab olunur. Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat dünyanın tanınmış brend dəyərləndirmə və məsləhət şirkətlərindən olan "Brand Finance" tərəfindən aparılan araşdırmada yer alıb. "Brand Finance"nin açıqladığı "Global-500" adlı hesabata görə, "Amazon" brendinin dəyəri 150,8 milyard dollara bərabərdir. Son bir ildə "Amazon"un dəyəri 42% artaraq 3-cü sıradan 1-ci sıraya yüksəlib.

Bir il əvvəl dünyanın ən dəyərli brendi hesab olunan "Gooogle"nin qiyməti 10% bahalansa da 120,9 milyard dollarla 1-ci sıradan 3-cü sıraya geriləyib. Dünyanın ən dəyərli 500 brendinin sıralandığı siyahıda 2-ci sırada "Apple" yer alıb. Bu brendin dəyəri son bir ildə 37% artaraq 146,3 milyard dollara yüksəlib. Ancaq buna baxmayaraq "Apple"nin sıralamadakı yeri dəyişməyib. Bunlardan başqa ilk beşliyə "Samsung" (92,2 milyard dollar) və "Facebook" (89,7 milyard dollar) brendləri daxil olub. "Facebook" brendi son bir ildə mövqeyini 4 pillə yaxşılaşdıraraq 9-cu sıradan 5-ci sıraya yüksəlib. "Facebook" brendinin dəyəri isə 62 milyarddan 89,7 milyard dollara qalxıb.

Ümumiyyətlə "Global-500" adlı hesabatda yer alan şirkətlərin ilk 10-luğunda 8 ABŞ şirkəti qərarlaşıb. 4-cü sırada Cənubi Koreyaya məxsus "Samsung Group" brendi, 10-cu sıraya isə Çinə məxsus "ICBC" brendi daxil olub. Bundan başqa ilk 10-luqda yer alan şirkətlərin 8-si İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT), 1-i bank, 1-i isə satış sektorunda fəaliyyət göstərir.

Siyahıda yer alan ən dəyərli şirkətlər ABŞ-a məxsus olub. ABŞ şirkətlərinin ümumi dəyəri 2,5 trilyon dollardan çox olub. "Global-500"ə 190 ABŞ, 57 Çin, 35 Yaponiya şirkəti daxil olub.

"Global-500"a daxil olan şirkətlər arasında dəyəri ən ucuz olan ABŞ-ın "Blackrock" şirkəti olub - 3,7 milyard dollar.

Bundan başqa siyahıya Rusiyaya məxsus 2 şirkət - "Sberbank" (129-cu yer) və "Qazprom" (315-ci yer) daxil olduğu halda Türkiyəyə məxsus heç bir şirkət yer almayıb.

DİGƏR XƏBƏRLƏR

Top