Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə təşkilatçılığı ilə tələbələr üçün “Qış liderlik məktəbi” layihəsinin açılış mərasimi keçirilib. Tədbirdə çıxış edən Milli Məclisin deputatı, ATGTİ-nin sədri Şahin İsmayılov qurumun fəaliyyətindən, həyata keçirdiyi layihələrdən danışıb və görüləcək işlər barədə məlumat verib. Layihədə 150 tələbənin iştirak etdiyini vurğulayan Ş. İsmayılov onlara peşəkarlar tərəfindən vaxtın idarə olunması, liderlik və təşkilatı quruculuq, komanda işinin təşkili mövzularında müxtəlif kursların keçiriləcəyini diqqətə çatdırıb. Daha sonra çıxış edən qonaqlar Azərbaycan gəncliyinin həmişə inkişafda olduğunu və gənclərin yerli və beynəlxalq arenada ölkəmizi layiqincə təmsil etdiklərini vurğulayıblar.
Sonra “Gənclər yurdu”, “İstiqlal”, “Qurtuluş”, “Azərbaycan” adlı komandalara bölünmüş tələbələrə komanda bayraqları təqdim olunub. Onu da qeyd edək ki, respublikada təhsil alan ali və orta ixtisas təhsil müəssisələrinin 1 və 2-ci tələbələri üçün təşkil olunan layihə “Yubiley-Liderlik məktəbi” adı altında həyata keçirilir. 11 fevrala qədər davam edəcək layihə çərçivəsində tələbələrlə dövlət xadimləri, milli məclisin deputatları və başqa nümayəndələrin görüşü təşkil olunacaq. Qalib gələn komandalara qiymətli hədiyyələr təqdim olunacaq.
Esmira Hidayətova, Mingəçevir