Bir neçə gün öncə millət vəkili Hadı Rəcəbli saytların birinə müsahibəsində hərdənbir şeir yazdığını dedi. Deputat şeiriyyata bağlı adam olduğunu, ancaq kitab çıxarmaq istəmədiyini bildirdi. Hadı Rəcəblinin şeir yazdığını açıqlaması bir çoxlarının marağına və təəccübünə səbəb oldu...
Bəs nazirlərdən, məmurlardan, deputatlardan şeir, mahnı yazan başqa kimlər var?
Yeniavaz.com xəbər verir ki, Azərbaycanın Fövqəladə hallar naziri Kəmaləddin Heydərov artıq uzun illərdir bəstəkarlıqla məşğuldur.
Populyar müğənnilərin ifa etdikləri mahnıların bəzilərinin bəstəsi Kəmaləddin Heydərova məxsusdur. Nazir mahnılarını "Kamal" imzası ilə təqdim edir. Bir neçə məşhur mahnının müəllifidir. Özbək müğənnisi Nəsibə Abdullayevanın ifa etdiyi "Nigaranam" mahnısının müəllifinin də Kəmaləddin Heydərov olduğu bildirilir.
2009-cu ildə bəstəkar Kamalın "Sənə güvəndiyim dağlar" adlı albomu buraxılıb. 4 diskdən ibarət albomdakı mahnılardan ikisinin sözləri Leyla Əliyevaya, digərləri isə şair Baba Vəziroğluna məxsusdur. Müəlliflərin birgə ərsəyə gətirdikləri mahnılar və onların ekran görüntüləri CD və DVD şəklində yerləşdirilib. Disklərin üz qabığında "Səndən nigaranam", "Yenə yaz gələcək", "Xalq Heydər söyləyəcək", "Ayrılığa dözmərəm" mahnılarının adları yazılıb. Disklərdəki mahnılar xalq artistləri Flora Kərimova, Alim Qasımov, Yalçın Rzazadə, İlhamə Quliyeva, Aygün Kazımova və Zülfiyyə Xanbabayevanın, əməkdar artistlər İlqar Muradovun, Aygün Bəylərin, müğənni Röyanın və başqalarının ifasında yazılıb.
Baş nazirin müavini Elçin Əfəndiyev nasir, dramaturq, tənqidçi, ədəbiyyatşünas, Əməkdar İncəsənət Xadimi, Azərbaycanın Xalq yazıçısıdır.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev də şeir yazır. O, bununla bağlı suala belə cavab verib: "Şeir mənim üçün duyğular meydanıdır, poeziya söz demək bacarığıdır. Şeirə, poeziyaya bağlı olan insanlarda humanizm və qeyri-humanizm kimi əlamətləri də görmək olar. İnsanın duyğularının tərənnümünün ən gözəl göstəricisi poeziyadır".
Millət vəkili Novruzəli Aslanov bir neçə kitab müəllifi, həm də bəstəkardır.
Sabiq mədəniyyət naziri, Azərbaycanın Rusiyadakı Fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu da mahnı bəstələyir. Polad Bülbüloğlu bəstəkarlıqla yanaşı, həm də müğənnidir. Azərbaycan SSR xalq artisti, Türkmənistanın xalq artisti, Dağıstan Respublikasının Əməkdar İncəsənət Xadimidir.
Polad Bülbüloğlu kino-filmlərin, dram tamaşalarının musiqilərinin, simfoniya, simfonik poema v. s. əsərlərin müəllifidir.
Milli Məclisin deputatı Qənirə Paşayeva şeir yazır. Onun yazdığı şeirlərə mahnılar bəstələnib, Azərbaycanın bir çox tanınmış müğənniləri tərəfindən ifa olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri Əjdər Ol tanınmış yazıçıdır. Əjdər Ol bədii yaradıcılığa keçən əsrin 80-ci illərindən başlayıb. Bir çox kitabların, pyeslərin, ssenarilərin və tərcümələrin müəllifidir. Yaradıcılıq sahəsindəki fəaliyyətinə görə "Milli kitab mükafatı"na (2010), Respublika Mədəniyyət və Turizim Nazirliyinin təsis etdiyi "Qızıl kəlmə" (2011) mükafatına layiq görülüb.
Bakı Metropoliteninin sabiq rəhbəri Tağı Əhmədov da şeir yazır. O, Tağı Sadiq imzası ilə tanınır. Onun yazdığı şeirlərə mahnılar bəstələnib, müğənnilər tərəfindən ifa olunub. 2009-cu ildə sözləri Tağı Sadiqə, musiqiləri Zamiq Əliyevə məxsus olan "Vurulmuşam" və "Tarzən" adlı albom-disklər buraxılıb. Hakim Yeni Azərbaycan Partiyasının şərəfinə çəkilən "YAP partiyası" musiqili klipindəki mahnının sözləri Tağı Sadiqə məxsusdur.
Onun yazdığı "Qısqanıram", "Dilin dediyini ürəyim demir", "Olaydı", "Ceyranım", "Odlanıram mən", "Gözləməsin" kimi şeirlərə də mahnılar yazılıb, kliplər çəkilib.
Sabiq millət vəkili Gülər Əhmədova da şeir yazır. Onun şeir yazması mətbuata ilk dəfə həbsdə olarkən bəlli olub. Hələ o vaxt mətbuata bu barədə sabiq deputatın vəkili Raqif Mustafayev məlumat vermişdi: "Gülər Əhmədova içəridə şeir yazır. Azadlıqda olanda da şeir yazırmış. İndi hisslərini şeirlə daha yaxşı ifadə edir".
Hazırladı: Nicat