Tanınmış aktyor Rza Rzayev 220 saylı məktəb-liseyin direktorunu təhqir edərək hədələməsinə münasibət bildirib.
O, açıqlamasında qeyd edib ki, videonu mühafizə orqanları yox, elə məktəbin direktoru yayıb: “Videonun alt yazısındakı sözlərin çoxu yanlışdır, mən elə sözlər deməmişəm. Yazıya ehtiyac yox idi, mənim səsimi verərdilər. Orada yazılıb ki, bacımdan adının mənasını soruşub, ona görə əsəbiləşmişəm. Xeyr, elə deyil. Neçə ildir ki, orada işləyən müəllimələri mən tanıyıram. Hər biri namuslu, şərəfli Azərbaycan qadınıdır, bizim anamız bacımızdır. Onun orada müəllimələri tək-tək çağırıb adının mənasını soruşması əxlaqlı bir şey deyil və artıq bunun altında başqa şeylər var. Müəllimələrin adının mənası ilə maraqlanırsa, iclasda, müəllimlər otağında soruşsun. Daha tək-tək otağına niyə çağırır? Filoloqdur, anasından, bacısından adının mənasını soruşsun. Bizim də əlimizdə faktlarımız var və istintaq orqanlarına təqdim edəcəyik. Burada heç bir çəkinəcək yerim yoxdur. Hər bir azərbaycanlı qadını anamdır, bacımdır və onun şərəfini qorumağı özümə borc bilirəm. Hazırda hüquqi zəmində iş gedir. Onlar müraciət edib, hüquqi qaydalarla məsələ həll olunacaq. Azərbaycanlı qadınların şərəfini qoruyub hansısa cəza alacamsa, qoy olsun. Lazım gəlsə, bir neçə il içəridədə yatacağıq, ancaq onunkimilərin cavabını verəcəyik. Öyrəşiblər pul yığmağa, mənim bacım etiraz etdiyi üçün vəzifəsindən uzaqlaşdırılıb”. Qafqazinfo