YAP növbədənkənar prezidenti seçkiləri ilə bağlı qərarı ŞƏRH ETDİ


Hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə növbədənkənar seçkilərin keçiriləcəyi barədə sərəncamı şərh edib. “Birincisi, bu, prezidentin Konstitusiya ilə səlahiyyətində olan məsələdir. Hesab edirəm ki, prezident çox düzgün olaraq seçkilərin vaxtını bir az da əvvələ saldı. İş ondadır ki, 2018-ci il Azərbaycan cəmiyyəti üçün yubiley ilidir. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyidir. Digər tərəfdən dövlətimizin elan edilməsi ilə yanaşı, parlamentimizin, Silahlı Qüvvələrimizin yaradılmasının, dövlət bayrağımızın qəbul edilməsinin 100 illiyidir. Bütün bunların hamısı Azərbaycan cəmiyyətindən hər birimiz üçün çox qiymətli, dəyərli olan bu yubileylərin çox yüksək səviyyədə keçirilməsini tələb edir. Nəzərə alsaq ki, həm də prezident seçkiləri ildir, o zaman bir neçə məsələ üst-üstə düşür. Hesab edirəm ki, seçkiləri əvvələ salmaqla hər bir məsələyə öz dəyərində diqqət etmiş oluruq. Prezident seçkilərini apreldə keçirməklə sadaladığım yubileylərlə birgə növbəti 7 ilə yeni dövlət başçısı, yeni proqramlarımızla, yeni planlarımızla çıxa biləcəyik. Bu baxımdan prezidentin qərarı çox düzgündür. Hesab edirəm ki, bütün bu nüansları nəzərə alaraq cəmiyyətin öz potensialını göstərməyə şərait yaradırıq”. YAP-ın seçkilərdə namizədinə gəlincə, Aydın Mirzəzadə bunları deyib.

“Yeni Azərbaycan Partiyasının namizədi qeyri-rəsmi şəkildə cənab prezidentimiz və partiyamızın sədri İlham Əliyevdir. Seçkiyə cənab İlham Əliyevin namizədliyi ilə gedərək seçkiləri birinci turda böyük səslə udacağımıza inanırıq”.

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasında növbədənkənar prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb.

Dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin I hissəsini rəhbər tutaraq, Azərbaycan Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq qərara alıb ki, növbədənkənar Azərbaycan Respublikası prezidenti seçkiləri elan edilsin.

Mərkəzi Seçki Komissiyasına növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.

Bu gün imzalanan sərəncamda deyilir:

"1. Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilsin.

2. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etsin”.

Xatırladaq ki, 2018-ci ildə keçiriləcək prezident seçkilərinin oktyabr ayında baş tutacağı gözlənilirdi.Modern.az

DİGƏR XƏBƏRLƏR

Top