Etibarnamə ilə avtomobil alanlara daha bir problem: ər-arvad boşanarsa...

Azərbaycanda istifadədə olan şəxsi nəqliyyat vasitələrinin bəlkə yarıdan çoxu etibarnamə əsasında alınıb. Respublika Baş Dövlət Yol Polisi İdarəsinin avtomobil sahiblərinə dəfələrlə bu mövzuda tövsiyə etməsinə baxmayaraq, vəziyyət dəyişmir. Çox az adam aldığı avtomobili sonradan öz adına keçirir. Etibarnamə yolu ilə satılan avtomobil isə alan şəxsin tam mülkiyyəti sayılmır deyə, sonradan çox ciddi problemlər yaşanır. Məsələn, etibarnamə ilə avtomobil aldığımız şəxs həyat yoldaşından boşanarsa, o zaman həmin avtomobili itirə bilərik. Bəs bu halda vətəndaş avtomobili aldığını sübut etmək üçün nə etməlidir?

Hüquqşünas Vəli Məmmədov bununla bağlı Yeniavaz.com saytına açıqlama verib. Onun sözlərinə görə, praktikada belə hallara rast gəlinir: "Etibarnamə ilə başqasına satılan avtomobil ailədə ya ərin, ya da qadının adına olur. Sonradan onların arasında problem yarananda və boşanmaq üçün məhkəməyə müraciət edəndə həmin avtomobil də ümumi mülkiyyətdə olduğu üçün mübahisə predmeti ola bilər. Bu zaman avtomobili almış şəxs çətin vəziyyətə düşməmək üçün müxtəlif vasitələrlə sübut etməlidir ki, həqiqətən, bu maşını alıb".

Hüquqşünasın sözlərinə görə, bu halda həmin sürücü özü mütləq ayrıca məhkəməyə müraciət etməlidir: "Məhkəmədə əsaslandırmalıdır ki, bu avtomobili almışam, bu da sübutlar. Yəni məsələnin həlli üçün məhkəməyə müraciət etmək vacibdir".

V. Məmmədov sürücülərə bu problemlə üzləşməmək üçün avtomobil alarkən onu öz adlarına rəsmiləşdirməyi məsləhət görür.

DİGƏR XƏBƏRLƏR

Top