İqtisadi cəhətdən azad ölkələr: Gürcüstan 16-cı, Ermənistan 44-cü, Azərbaycan 67-ci sırada

Dünyanın aparıcı analitik mərkəzlərindən hesab olunan "Heritage Foundation" institutu və "The Wall Street Journal" nəşri tərəfindən hazırlanan ənənəvi illik hesabatda göstərilir ki, Azərbaycan ötən il iqtisadi azadlığın səviyyəsinə görə 180 ölkə arasında 67-ci sırada qərarlaşıb.

Yeniavaz.com açıqlanan hesabata istinadən bildirir ki, nəticədə, Azərbaycan "Qismən azad" ölkələr qrupuna daxil edilib. "İqtisadi Azadlıq İndeksi-2018" adlandırılan bu hesabatda biznes, maliyyə, ticarət, əmək, investisiya, korrupsiya və digər sahələr üzrə ayrı-ayrı ölkələrdə iqtisadi azadlıqların səviyyəsi göstərilib. Qeyd edək ki, Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun açıqladığı statistik rəqəmlər əsasında aparılan araşdırmalarda ölkələrin göstəriciləri faizlə ifadə olunub. Hesabatda Azərbaycanın 2018-ci ildə 2017-ci illə müqayisədə 1 pillə irəllilədiyi göstərilib. Belə ki, 2017-ci ilin hesabatında Azərbaycan 180 ölkə arasında 67-ci sırada qərarlaşıb.

Məlumat üçün onu da bildirək ki, keçmiş SSRİ və region ölkələri arasında ən yaxşı vəziyyət Estoniyada qeydə alınıb. Estoniya 180 ölkə arasında 7-cı sırada qərarlaşaraq "əsasən azad" ölkə hesab olunub. Keçmiş SSRİ və region ölkələrində Gürcüstan 16-cı, Litva 19-cu, Latviya 28-ci, Qazaxıstan 41-ci, Ermənistan 44-cü, Türkiyə 58-ci, Azərbaycan 67-ci, Qırğızıstan 78-ci, Moldova 105-ci, Tacikistan 106-cı, Rusiya 107-ci, Belarus 108-ci, Ukrayna 150-ci, Özbəkistan 152-ci, Türkmənistan 169-cu sırada qərarlaşıb.

Onu da bildirək ki, iqtisadi cəhətdən ən azad ölkələr Honq Konq, Sinqapur və Yeni Zelandiya hesab olunur. Qeyri azad ölkələrin ilk 3-lüyünə isə Şimali Koreya, Venesuela və Kuba daxil olub.

DİGƏR XƏBƏRLƏR

Top