Mingəçevir şəhər Məşğulluq Mərkəzi 722 nəfəri işlə təmin edib

Mingəçevir şəhərində işsiz əhalinin məşğulluğunun təmin edilməsi üçün görülən işlər uğurla davam etdirilir. Yeniavaz.com xəbər verir ki, şəhər məşğulluq mərkəzi ötən il idarə və təşkilatlarla sıx əməkdaşlıq edərək vakant iş yerləri barədə məlumatlar toplayıb və yüzlərlə işaxtaran vətəndaşın məşğulluğunun təmin edilməsinə nail olub.

2017-ci ildə Mingəçevir şəhər Məşğulluq Mərkəzində işaxtaran kimi qeydiyyatdan keçən 2358 nəfərdən 722 nəfəri müxtəlif idarə və təşkilatlarda, özəl müəssisələrdə münasib işlə təmin edilib. Onlardan 208-i qadınlar, 204 nəfəri gənclərdi. Həmçinin, 211 nəfərə işsizlik statusu verilib, 303 nəfərə müavinət ödənilib. Həmçinin, 20 nəfər peşə hazırlığı kurslarına və 20 nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunub. İşlə təmin edilən şəxslər əsasən tikinti, təbii qaz və içməli su təchizatı, səhiyyə və sosial xidmətlər, turizm və kommunal xidmət sahələrində, otel, mağaza və restoranlarda işlə təmin edilib.

"Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Prezidentinin 7 aprel 2016-cı il tarixli Sərəncamının icrası ilə əlaqədar ötən il ölkəmizin hər yerində olduğu kimi Mingəçevir şəhərində də müvafiq işlər görülüb. 20l7-ci ildə Mingəçevir şəhərində 1-i xidmət, 2-i istehsal, 14-ü heyvandarlıq sahəsi olmaqla 17 nəfər özünüməşğulluq proqramının iştirakçısı olub və onlar öz bizneslərinə başlamaları üçün tələb olunan aktivlərlə təmin ediliblər.

Həmin vətəndaşlardan 5 nəfəri ətlik heyvandarlıqla, 7 nəfəri südlük heyvandarlıqla, 2 nəfəri damazlıq qoyunçuluqla, 1 nəfəri bərbərlik, 2 nəfəri quşçuluq sahəsində fəaliyyət göstərir. Özünüməşğulluq proqramının iştirakçılarından 10 nəfərə 33 baş iri buynuzlu heyvan, 4 nəfərə 87 baş xırdabuynuzlu heyvan, 1 nəfərə qadın gözəllik salonu üçün tələb olunan alət və avadanlıqlar, 2 nəfərə quşçuluq və cücə istehsalı üçün inkubator, elektrik generatorı, damazlıq toyuq və xoruz, yem və digər məhsullar verilib.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top