"Sabiq deputat torpağımızı zəbt edib" - İDDİA

Beyləqan rayon sakini Əliyev Ruhid Məhəmməd oğlu üzləşdiyi problemlə əlaqədar Yeniavaz.com saytına müraciət ünvanlayıb. R. Əliyev Beyləqan rayonundan keçmiş millət vəkili Ayaz Orucovdan şikayətçidir. İddiaçı bildirir ki, Ayaz Orucov Beyləqandan millət vəkili olarkən vəzifə səlahiyyətindən sui-istifadə edərək, onun ailəsinə məxsus, Beyləqan rayonunun mərkəzində - qanuni sənədləri olan 20 sot torpağı zəbt edərək, əllərindən alıb.

Ruhid Əliyev qeyd edir ki, bu barədə hüquq-mühafizə orqanlarına şikayət etsələr də, məsələ həll olunmayıb.

"Yeniavaz" olaraq daha ətraflı məlumat almaq üçün R. Əliyevlə əlaqə saxladıq. Şikayətçi baş verənləri belə nəql etdi: "Torpağın ayrılması barədə çıxarış var, akt var, o vaxtın planı, yəni indiki dövlət kadastrı, texniki pasport var - Dövlət Reyestrində qeydiyyatdadır. Torpağın bizə məxsus olduğunu sübut edən nə lazımdırsa, həmin sənədlər əlimizdədir.

2015-ci ildə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevə bu məsələ ilə əlaqədar müraciət etdik, torpağımızın zəbt olunduğunu bildirdik. Başçının müavinləri ona dedilər ki, guya bizim sənədimizin "kökü" yoxdur. İcra Hakimiyyətinin başçısı bildirdi ki, gedin, arxivdən sənəd gətirin. Həmin sənədi arxivdən alıb gətirdik. Başçı bu dəfə dedi ki, dövlət reyestrindən arayış gətirin. Həmin arayışı da alıb gətirdik. İcra Hakimiyyətinin başçısı bundan sonra iclasda müavinlərinə tapşırdı ki, "gedin, bunların yerini qaytarın özünə, məni bunlarla niyə düşmən edirsiniz". Müavinlər durub çıxdılar çölə və mənə dedilər ki, biz ora getmirik, başçı bilər, sən bilərsən. İcra başçısının müavini Qələndərov Məhəmməd Ayaz Orucova zəng vurdu dedi bəs başçı belə deyir. İcra başçısı yenidən bizə bildirdi ki, gedin öz yerinizə. Darvazanı açıb girdik öz torpağımıza, yeri qazıb bizə aid olan hissəni ayırdıq. Ayaz Orucovun adamları buna etiraz olaraq 102 xidmətinə zəng vurdular. Polislər gəldilər, sənədlərimizi göstərdik, çıxıb getdilər. Yeri qazdıq ki, hasar çəkdirək. 2-3 gün sonra başçının müavini Qələndərov Məhəmmədlə polis rəisi əraziyə gəldilər. Rəis dedi ki, siz buradan çıxmalısınız. Sənədləri göstərəndə dedi "bunları mənə nəyə göstərirsən, gedin probleminizi kənarda həll eləyin, ondan sonra gəlin, nə istəyirsiniz edin". Vəziyyət belə olandan sonra getdim Ayaz Orucovla, onun qardaşı ilə görüşdüm, mənə 10 min pul təklif elədilər, amma götürmədim. Bildirdim ki, mən bura dilənməyə gəlməmişəm. Dedilər istəmirsənsə, get işinlə məşğul ol, kimə şikayət edirsən, et".

Ruhid Əliyev bildirir ki, həmin ərazidə musiqi məktəbinin tikiləcəyi bildirilib, ancaq tikilməyib: "Ayaz Orucovun "Hidromaş servis" şirkəti var, guya həmin ərazidə rayon üçün musiqi məktəbi tikəcəkdi. Bir hektara yaxın ərazidir, bizim torpağı da ora daxil edib. Ancaq həmin yerdə musiqi məktəbi yox, ev tikildi. 3-4 metr hündürlüyü olan hasar da çəkilib".

Sabiq deputat: "Telefonda sizə məlumat verməyəcəyəm"

Şikayətçinin səsləndirdiyi iddialarla bağlı qarşı tərəfin - sabiq millət vəkili Ayaz Orucovun fikirlərini öyrənmək üçün ona zəng vurduq.

Ayaz Orucov suallarımızı dinləyər-dinləzəm dedi: "Sizə müraciət edibsə, sənədlər göndəribsə, qoy məhkəməyə müraciət eləsin. Vallah, mən sizi tanımıram. Əgər görüşmək istəyərsinizsə, mən sizə hər şeyi danışaram, amma telefonda sizə məlumat verməyəcəyəm. Onu da izah edim ki, əgər onun hər hansı bir problemi varsa, hər hansı bir məsələni hüquqi müstəvidə həll eləmək istəyirsə, bundan ötrü Azərbaycanda məhkəmə orqanları var, müraciət eləsin".

Ayaz Orucov "görüşmək istəyərsinizsə, mən sizə hər şeyi danışaram" dediyi üçün ondan suallarımızı üzbəüz nə vaxt cavablandıra biləcəyini soruşduq.

Maraqlıdır ki, sabiq deputat "başqa məsələlər sizi maraqlandırırsa, zəng eləyərsiniz, görüşərik, sağ olun" deyib telefonu qapatdı.

Nicat

DİGƏR XƏBƏRLƏR

Top