İlham Əliyevin Prezidentliyi dövründə işini itirən nazirlər - SİYAHI

Azərbaycanın qocaman məmurları sosial şəbəkədə tez-tez müzakirə mövzusu olurlar. Bu tip xəbərlərdən belə ictimai rəy formalaşıb ki, vəzifəyə gələnlərin çoxu qocalanadək bu işdə çalışırlar. Lakin bu da bir reallıqdır ki, İlham Əliyev 2003-cü ildə keçirilən seçkilərdə Prezident olduqdan sonra çoxlu sayda naziri vəzifəsindən azad, yerlərinə isə yenilərini təyin edib. Ayrı-ayrılıqda həmin şəxslər barədə məlumatlar çoxdur. Yeniavaz.com saytı olaraq belə qərara gəldik ki, İlham Əliyev Prezident olandan sonra işdən çıxardığı nazirləri bir siyahıda cəmləşdirək.

İlham Əliyev Prezident seçildikdən sonra vəzifəsini itirən ilk nazirlərdən biri Namiq Abbasov oldu. Namiq Abbasov 1992-1994-cü illərdə Milli Təhlükəsizlik nazirinin müavini və birinci müavini olub. 1994-cü ilin oktyabr ayından 1995-ci ilin mart ayınadək Milli Təhlükəsizlik naziri vəzifəsini icra edib. 1995-ci ilin mart ayında nazir təyin edilib. 2004-cü ilin iyul ayında isə Milli Təhlükəsizlik naziri vəzifəsindən azad edilib.

Digər işdən çıxarılan nazir Nadir Əhmədov oldu. N. Əhmədov 1997-ci ildə Rabitə naziri təyin olunmuşdu. Nadir Əhmədov 2004-cü ildə dövlət başçısının sərəncamı ilə vəzifəsindən azad edilib.

2004-cü ildə dövlət başçısının sərəncamı ilə Azərbaycanın Kənd təsərrüfatı naziri İrşad Əliyev vəzifəsindən azad edildi. İrşad Əliyev bu vəzifəyə 1994-cü ildə təyin olunmuşdu. İ. Əliyev Kənd təsərrüfatı naziri vəzifəsindən azad olunandan 1 il sonra Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

İşini itirən növbəti nazir Fərhad Əliyev oldu. O, bu vəzifəyə 2001-ci ildə təyin edilmişdi. Fərhad Əliyev 2005-ci il oktyabrın 19-da parlament seçkiləri ərəfəsində öz xidməti kabinetində həbs edilib.

Həmin ərəfələrdə Səhiyyə naziri Əli İnsanov da vəzifəsini itirməli oldu. Əli İnsanov 1993-cü ildə səhiyyə naziri təyin edilmişdi. Onun işini itirməsi 2005-ci ilin oktyabrında hakimiyyəti zorla ələ keçirmə ittihamı ilə həbs edilməsi ilə bağlı idi. Vəzifəsi ilə yanaşı, bir çox titulları, o cümlədən akademik fəxri adı ondan alınıb.

Bu hadisələrdən bir il sonra - 2006-cı ildə Maliyyə naziri Əvəz Ələkbərov vəzifəsindən azad edildi. Əvəz Ələkbərov 1999-cu ildə bu vəzifəyə təyin olunmuşdu.

2006-cı ildə nazir vəzifəsindən azad edilənlərdən biri də Polad Bülbüloğlu oldu. Polad Bülbüloğlu həmin il Mədəniyyət və Turizm naziri vəzifəsindən azad olunaraq Prezident İlham Əliyevin sərəncamı ilə Rusiya Federasiyasına səfir göndərilib.

Prezident İlham Əliyev tərəfindən vəzifəsindən azad edilən digər nazir Heydər Babayev oldu. H. Babayev bu vəzifəyə Fərhad Əliyev həbs olunandan sonra - 2005-ci il oktyabrın 19-da təyin olunmuşdu. Lakin nədənsə Heydər Babayev ona göstərilən etimadı doğrulda bilmədi və 3 il sonra - 2008-ci ilin 30 oktyabrında vəzifəsindən azad olundu.

Sonrakı illərdə işdən çıxarılanlardan biri Misir Mərdanov oldu. M. Mərdanov 1998-ci ildə Təhsil naziri təyin olunmuşdu. O, İlham Əliyevin sərəncamı ilə - 2013-cü ildə işdən çıxarılıb.

2013-cü ildə Azərbaycanda daha bir nazir vəzifəsindən azad edilib. Həmin şəxs Səfər Əbiyevdir. S. Əbiyev 1995-ci ildə Azərbaycan Respublikasının Müdafiə Naziri təyin olunmuşdu.

O, 18 il sonra - 2013-cü ildə Prezident İlham Əliyev tərəfindən vəzifəsindən azad olunub.

2013-cü ildə işdən çıxarılan nazirlərdən biri də İsmət Abbasov oldu. İsmət Abbasov 23 oktyabr 2004-cü ildə Kənd Təsərrüfatı naziri təyin olmuşdu. Dövlət başçısının sərəncamı ilə 9 il sonra 22 oktyabr 2013-cü ildə Kənd Təsərrüfatı naziri vəzifəsindən azad edilib.

2013-cü ildə dövlət başçısı daha bir naziri vəzifəsindən azad edib. Söhbət 7 fevral 2006-cı ildə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin edilmiş Füzuli Ələkbərovdan gedir. Dövlət başçısının 22 oktyabr 2013-cü il sərəncamı ilə F. Ələkbərov vəzifəsindən azad edilib.

Dövlət başçısı tərəfindən işdən çıxarılan növbəti nazir Eldar Mahmudov oldu. E. Mahmudov 23 iyul 2004-cü il tarixli sərəncamla Milli Təhlükəsizlik naziri təyin olunmuşdu. Azərbaycan Prezidentinin 17 oktyabr 2015-ci il tarixli sərəncamı ilə milli təhlükəsizlik naziri vəzifəsindən azad edilib.

Bundan bir ay sonra - 2015-ci ilin noyabrın 12-də Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov işdən çıxarılıb. Ə. Abbasov 2004-cü ildə bu vəzifəyə təyin olunmuşdu.

Azərbaycanda nazir vəzifəsini itirən növbəti şəxs Ziya Məmmədov oldu. Belə ki, 2017-ci ilin ferval ayında Prezident İlham Əliyev Nəqliyyat Nazirliyi və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birləşdirilərək onların əsasında Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında sərəncam imzalayıb. Prezidentin digər sərəncamı ilə Ramin Quluzadə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib. Ziya Məmmədov 8 avqust 2002-ci ildə bu vəzifəyə qoyulmuşdu.

Azərbaycan hələki işdən sonuncu çıxarılan nazir Fazil Məmmədovdur. Fazil Məmmədov 2000-ci il fevral ayının 11-də Vergilər naziri olunmuşdu. 5 dekabr 2017-ci ildə həmin vəzifədən azad edilib.

Nicat

DİGƏR XƏBƏRLƏR

Top