Suriyalı müxaliflər Soçi konqresindən imtina etdilər: səlahiyyəti Türkiyəyə verdilər

Suriyalı müxaliflər Rusiyanın Soçi şəhərində keçirilən Suriya Milli Dialoq Konqresində iştirak etməmək barədə qərar qəbul ediblər.

Yeniavaz.com-un “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, suriyalı müxaliflər özlərinin konqresdə təmsilçilik səlahiyyətini Türkiyə nümayəndə heyətinə verib.

Bildirilir ki, konqresə qatılmaq üçün Soçiyə gedən Suriya müxalifət heyəti hava limanında və konqresin keçirildiyi mərkəzdə yerləşdirilən Suriya rejiminə aid bayraq rəsmləri və loqolarına etiraz ediblər.

Onlar ölkəyə giriş etməkdən imtina ediblər. Bu səbəblə konqesdə iştirak etməmək qərarına gələn müxaliflər təmsilçilik səlahiyyətini türk heyətinə verib. Türkiyə konqresdə elan edilməsi gözlənilən konstitusiya komissiyasının formalaşdırılması ilə bağlı işlərə nəzarət edəcək.

Konqresə qatılmaq üçün ötən gün gecə saatlarında Ankaradan Soçiyə gələn ərəb, türkmən və kürd müxaliflər aeroportdakı afişlərdə ancaq rejim bayrağının yer almasına qarşı çıxaraq hava limanında ölkəyə giriş üçün pasport yoxlamasından keçmək istəməyiblər.

Qeyd edək ki, Türkiyəni konqresdə Xarici İşlər Nazirliyini nümayəndəsi Sedat Önal təmsil edir.

DİGƏR XƏBƏRLƏR

Top