
Müxtəlif təyinatlı təyyarələr, fərqli ölçüdə raketlər sanki üzməyə, uçmağa hazırlaşır. İlk baxışdan kiçik zavodu xatırladan məkan Mingəçevirdə yerləşir. Burada suda, havada hərəkət edə bilən texnikaların maketləri hazırlanır. Diqqət çəkən əl işləri şəhər sakini Qarabağ veteranı, Füzuli Əliyevə məxsusdur. 36 ildən artıqdır ki, Uşaq Gənclər İnkişaf Mərkəzində dərnək rəhbəri olan Füzuli Əliyev bacardıqlarını tələbələrinə də öyrətməyə çalışır. Dediyinə görə, onun əsas xammalı kağız və plastik materiallardan ibarətdir. Hazırda iki yelkənli, 1 hərbi gəmi üzərində çalışan sənətkar əl işlərinə xeyli zaman sərf etdiyini deyir. Onun düzəltdiyi təyyarələr havaya qalxaraq 16 metrlik məsafədə dairəvi hərəkət edə bilir. Həmçinin burada müasir qırıcıların da maketi hazırlanır. Onu da qeyd edək ki, əl işləri sırasında diqqət çəkən ən çox raketlərdir. 200 metr hündürlüyə qalxan qurğular paraşütü açıldıqdan sonra rahat şəkildə yerə qayıdır. Mingəçevirli sənətkarın hazırladığı gəmi, təyyarə və digər qurğular müxtəlif sərgilərdə nümayiş olunub. Maraqlı məqam odur ki, usta əl işlərinə qiymət qoya bilmədiyindən onların satışını etmir.
Esmira Hidayətova, Mingəçevir
Tətbiqimizi yükləyə bilərsiniz