Azərbaycanda intihar edən sahibkarlar - SİYAHI

Azərbaycanda intihar xəbərləri tez-tez eşidirik. Onların arasında biznesmenlər, sahibkarlar da olur. Cəmiyyətimizdə sahibkarların intiharları ilə bağlı da bir həssaslıq var, yəni "Azərbaycanda sahibkar özünü güllələdi", "Sahibkar özünü asdı" başlıqları ilə yayılan xəbərlər çox oxunur deyə saytlar bəzən ən ucqar kənddə xırda bizneslə məşğul olan şəxsin intihar xəbərini də sensassiyalı şəkildə çatdırmağa çalışırlar. Təbii ki, heç bir halda intihar çıxış yolu deyil.

"Yeniavaz.com" saytı son illər mətbuatda yayılan "iş adamı intihar etdi" başlıqlı xəbərlərdə adıçəkilən sahibkarların siyahısını hazırlayıb. Bir məqamı mütləq qeyd edək ki, intihar etdiyi bildirilən bu sahibkarların hamısı heç də məhz biznesi ilə əlaqədar bu yola əl atmayıb. Onların bir çoxu ailə münaqişəsi, qohumları ilə yaşadığı problemlər, götürdüyü borcu qaytara bilməməsi, şəriki ilə aralarında yaranmış münaqişə zəminində intihar edib.

Bir müddət öncə Bakının Binə qəsəbəsində Nurməmməd Yədulla oğlu Fərəcov özünə məxsus mağazada özünü asıb. Onun meyiti səhər saatlarında aşkar edilib.

Nurməmməd Fərəcov 1964-cü il təvəllüd idi.

Digər bir mağaza sahibi paytaxtın Maştağa qəsəbəsində intihar edib. 1965-ci il təvəllüdlü Xalıqov Əmirhüseyn Balahüseyn oğlu tikintisi hələ başa çatmamış evində özünü asıb. Ə. Xalıqov Maştağada fəaliyyət göstərən yem mağazasının sahibi olub. Onun xeyli miqdarda borcunun olduğu və bu səbəbdən də intihar etdiyi bildirilib.

Digər bir sahibkar - Abşeronda sement biznesi ilə məşğul olan Bəxtiyar Məmmədov külli miqdarda borcu olduğuna görə özünü öldürüb. Ailə üzvlərinin bildirdiyinə görə, onun 1 milyon manatdan artıq borcu olub.

Hadisə baş verən gün Bəxtiyar qardaşına zəng edərək özünü öldürməyə getdiyini deyib. Qardaşı da özünə məxsus "Nissan-Patrul" markalı maşınla Bəxtiyarın olduğu "Audi Q7" markalı maşının arxasından gedib. Qardaşı arxadan Bəxtiyara çataraq maşını saxlamaq və bu yolla da onu intihardan çəkindirmək üçün əlindən gələni edib.

Hətta Bakı-Şamaxı yolunda "Nissan"la Bəxtiyarın maşınını yan tərəfdən sıxaraq saxlamağa məcbur edib. Uzun sürən ötüşmədən sonra qardaşı Bəxtiyarın "Audi"sini sıxaraq yoldan kənara çıxarıb və dayandırmağı bacarıb.

Maşından düşüb Bəxtiyara tərəf qaçsa da, o, maşının qapılarını və şüşələrini bağlayıb. Bəxtiyarın "Vinçester"i çıxararaq özünü öldürmək istədiyini görən qardaş onun ölümünün qarşısını almaq üçün hər şey edib. Şüşəni sındırmaq, qapını açmaq üçün yerdən daş, dəmir parçası axtarana kimi Bəxtiyar istədiyini edə bilib.

O, silahın lüləsini ürəyinə dayayaraq qardaşının gözü qarşısında atəş açıb. Şüşəni sındıran qardaş qan içərisində olan Bəxtiyarı xəstəxanaya çatdırsa da, gec olub, o artıq keçinib.

Bakının Nərimanov rayonunda da sahibkar öz obyektində intihar edib. "Dortek" mağazalarının sahibi olan 38 yaşlı Bilal Aslanov özünü asaraq həyatına son qoyub.

Həmin gün Bilal Aslanov adəti üzrə səhər saatlarında mağazanı özü açıb. Daha sonra obyektə gələn işçilər onun zirzəmidəki anbarda özünü asdığını müəyyənləşdiriblər. Onun özünə qəsdini biznesi ilə bağlayırlar. İddialara görə, iş adamının borcu olub. O, Təbriz küçəsində də yeni mağaza açsa da, gəlir əldə edə bilməyib.

Digər bir sahibkar Qəbələdə intihar edib. Rayonun Tola kənd sakini - 1972-ci il təvəllüdlü Elçin Abdullayev özünü evinin yaxınlığındakı meşə zolağında asaraq intihar edib. Mərhumun asılmış meyitini ailə üzvləri aşkar ediblər. Kənd sakinlərinin verdiyi məlumata görə, Elçin Abdullayevin oğlu aprel ayının 1-də hərbi xidmətdən qayıdıb. Onun kənd ərazisində mağaza işlətdiyi, ancaq banklara kredit borcu olduğu bildirilir.

Növbəti intihar Bakının Nərimanov rayonu, A. Neymətulla küçəsi, ev 79, mənzil 48 ünvanında qeydə alınıb. 1962-ci il təvəllüdlü Söhbət Hacıyev ov tüfəngi ilə özünə intihar məqsədi ilə atəş açıb. O, hadisə yerində ölüb. Qeyd edək ki, S.Hacıyev "İnteryer-S" MMC-nin direktoru vəzifəsində çalışıb.

Şamaxı şəhər sakini, 2000-ci il təvəllüdlü Behtiyev Elvin Elçin oğlu yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü kəndirlə asaraq intihar edib. Ailə üzvləri hadisədən gec xəbər tutublar. Koma vəziyyətinə düşən Elvin Behtiyev Şamaxı Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib. Saytlarda Elvin Behtiyevin atasının sahibkar olduğu, oğlunun da onun yanında çalışdığı bildirilir.

Abşeron rayonunun Mehdiabad qəsəbəsində 53 yaşlı Telman Camal oğlu Mehdiyev yaşadığı ünvanda naqan tipli tapançadan atəş açaraq özünü güllələyib. O, başından aldığı güllə yarası ilə Klinik Tibbi Mərkəzə çatdırılıb. T. Mehdiyev əməliyyat olunub, həyati təhlükə sovuşmayıb. Polisdən həmçinin bildirilib ki, T. Mehdiyev sahibkarlıq fəaliyyəti ilə məşğul olurmuş.

Bakının Sabunçu Rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi 5, ev 8 ünvanında yaşayan 1956-cı il təvəllüdlü Zəlimxan Osman oğlu Bünyadov yaşadığı evdə ov tüfəngi ilə özünü güllələyib. Z. Bünyadov sahibkarlıqla məşğul olurmuş.

İmişli rayonunun Əliqulular kənd sakini, sahibkar Rəşid Zalov özünü asıb. Onun böyük qardaşı Əlibala Zalov qardaşının rayondakı bankların hamsına borcu olduğunu bildirib.

DİGƏR XƏBƏRLƏR

Top