Manatın rubl, lirə və avro qarşısında ucuzlaşmasından biz nə itirəcəyik? - ANALİZ

Son zamanlar Azərbaycan milli valyutasının - manatın məzənnəsi əsas ticarət tərəfdaşımız olan iki ölkənin - Türkiyə və Rusiyanın, eyni zamanda da digər bir əsas ticarət tərəfdaşımız olan Avropa Birliyinin valyutaları - rubl, lirə və avroya nisbətdə dəyərdən düşür. Yeniavaz.com Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəyə istinadən bildirir ki, son bir ay ərzində rubl manat qarşısında 4,1%, avto qarşısında 4,6%, lirə qarşısında isə 1,2% ucuzlaşıb. Belə ki, ötən ilin dekabr ayının 26-sı tarixində valyuta dəyişmə məntəqələrində 1 lirə 44,7 qəpiyə, 1 rubl 2,9 qəpiyə, 1 avro isə 2,01 manata dəyişdirilib. Bir ay sonra, yəni bu ilin yanvar ayının 26-da 1 lirə 45,2 qəpiyə, 1 rubl 3,04 qəpiyə, 1 avro isə 2,11 manata yüksəlib.

Ümumi idxalın yarıdan çoxu - 53,6%-i Rusiya, Türkiyə və Avropa Birliyi ölkələrinin payına düşür

Onu da bildirək ki, rubl, lirə və avronun manata nisbətən bahalanmasının əsas səbəbi dolların bu valyutalar qarşısında ucuzlaşması ilə bağlıdır. Azərbaycan manatı dollara nisbətən sabit saxlanıldığı üçün istənilən digər valyutanın məzənnəsinin dollara nisbətən dəyişməsi manata nisbətdə də dəyişir. qeyd olunan bu valyutaların milli valyutamıza nisbətən bahalanması heç şübhəsiz ki, ilk növbədə bu ölkələrdən idxal olunan malların qiymətini artıracaq. Rubl, lirə və avronun bahalanması eyni zamanda bu ölkələrdən məhsul idxal edənlərin qazancını da azaldacaq. Bildiyimiz kimi, Rusiya, Türkiyə və Avropa Birliyi idxalda Azərbaycanın əsas ticarət tərəfdaşlarıdır. Gömrük Komitəsinin məlumatına görə, ötən il ərzində Rusiya, Türkiyə və Avropa Birliyi ölkələrindən 4 milyard 470,8 milyon dollar dəyərində məhsul idxal olunub ki, bu da ümumi idxalın yarıdan çoxunu - 53,6%-ni təşkil edib.

Rusiya, Türkiyə və Avropa Birliyi ölkələrindən gətirilən məhsulların eyni səviyyədə bahalanacaq

Eyni zamanda qeyd edək ki, son 1 ayda manatın məzənnəsinin rubl, lirə və avro qarşısında ucuzlaşması Rusiya, Türkiyə və Avropa Birliyi ölkələrindən gətirilən məhsulların eyni səviyyədə bahalanması deməkdir. Məsələn, 1 ay əvvəl Türkiyədə dəyəri 100 lirə olan paltar üçün 44,7 manat ödəyirdiksə, hazırda eyni paltara 45,2 manat ödəyirik. Yaxud, 1 ay əvvəl Rusiyada dəyəri 1000 rubl olan bir məhsul üçün 29,2 manat ödəyirdiksə, hazırda eyni məhsula 30,4 manat ödəyirik.

DİGƏR XƏBƏRLƏR

Top