Nazir pensiyaların nə zaman artırılacağını açıqladı

Dövlət Sosial Müdafiə Fondu ötən il orta aylıq əmək haqqının artım tempi barədə məlumat almaq üçün Dövlət Statistika Komitəsinə müraciət edib. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib. Onun sözlərinə görə, Dövlət Statistika Komitəsinin 2017-ci il üçün ölkə üzrə orta aylıq nominal əməkhaqqının artımı barədə təqdim edəcəyi məlumat əsasında əmək pensiyalarının cari il yanvarın 1-dən həmin göstəriciyə uyğun artırılması həyata keçiriləcək.

"2017-ci il iyul ayının 1-dən "Əmək pensiyaları haqqında" qanuna edilən dəyişikliklər qüvvəyə minib. Dəyişikliklərin bir bəndi də əmək pensiyalarının indeksasiyası ilə bağlıdır. Əgər iyulun 1-nə qədər əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilirdisə, bu zaman hər ilin əvvəlində əvvəlki ilin istehlak qiymətlərinin indeksasiyası əsas götürülərək sığorta hissəsinə şamil olunurdusa, yeni qaydaya görə əmək pensiyalarının baza hissəsiləğv edilib. Yeni qanuna görə, əmək pensiyalarının tam məbləği əvvəlki il ərzində ölkədə orta aylıq əmək haqqının artım göstəricisinə vurulmaqla artırılacaq. Yəni, indeksləşdirilmə bunun əsasında aparılacaq. Əmək pensiyaları haqqında qanuna dəyişikliklər Azərbaycan prezidenti tərəfindən təsdiq olunan zaman həmin fərmanda bu barədə bizə ayrıca göstəriş olub və bu tapşırığın yerinə yetirilməsi qeyd elədiyim qaydada həyata keçiriləcək. İlk olaraq bizə verilən məlumata görə, 2017-ci il ərzində orta aylıq əmək haqqı 6,2%-6,4% arasında artıb. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat daxil olan kimi əmək pensiyaları həmin faiz qədər artırılacaq. Burada xüsusilə bir məsələni qeyd etmək istəyirəm ki, bu, az məbləğdə pensiyası olanlar üçün daha önəmli dəyişiklikdir. Çünki, əvvəllər pensiya məbləği 200 manatdan aşağı olanların pensiyalarının indeksləşməsi zamanı həmin 200 manatdan 110 manat baza hissəsi çıxılırdı və yerdə qalan məbləğin indeksləşdirilməsi həyata keçirilirdi. İndi isə bütöv məbləğ yəni 200 və ya 220 manat olsun fərqi yoxdur, bütöv məbləğ indeksləşdiriləcək".

Nazir əlavə edib ki, əmək pensiyalarının indeksləşdirilməsi üçün lazım olan məbləğ DSMF-nin 2018-ci il üçün büdcəsində nəzərə alınıb. apa

DİGƏR XƏBƏRLƏR

Top