Əlillər dövlət tərəfindən verilən "Naz Lifan"ları sata bilərlərmi? - Açıqlama

Xəbər verildiyi kimi, yanvarın 21-də səhər saatlarında Bakıda "Naz Lifan" markalı avtomobilin sürücüsü avtoxuliqanlıq edib. Məlum olub ki, 90-UR-366 dövlət qeydiyyat nişanlı "Naz Lifan" markalı avtomobili 33 yaşlı Ağasıyev Ramin Niyazə oğlu idarə etsə də, həmin nəqliyyat vasitəsi dövlət tərəfindən Məmmədov Zaur Səxavət oğluna verilib. Lakin Ramin Ağasıyev avtomobili dostu Zaur Məmmədovdan götürərək nömrələrini çıxarıb və Bakı şəhərində idarə etməyə başlayıb.

Araşdırma zamanı məlum olub ki, Ramin Ağasiyevin sürücülük vəsiqəsi yoxdur.

Avtoşluq edilən avtomobilin əlillərə dövlət tərəfindən verilən "Naz Lifan" olması istər-istəməz diqqət çəkir. Bəs əlillərin həmin avtomobilləri satmaq hüququ varmı?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev "Yeniavaz.com" saytına bildirib ki, dövlət hesabına minik avtomobilləri ilə təmin olunan əlillərin həmin maşınları satmaq hüququ yoxdur. Onun sözlərinə görə, əlillər bu avtomobilləri başqa bir şəxsin sürməsi üçün yalnız etibarnamə verə bilərlər: "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər, 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslər, Böyük Vətən müharibəsi əlilləri, hərbi xidmət vəzifəsini yerinə yetirərkən əlil olmuş şəxslər, Çernobıl əlilləri minik avtomobilinə tibbi göstəriş olduğu hallarda dövlət hesabına minik avtomobilləri ilə təmin edilirlər. Əgər əlil səhhəti ilə əlaqədar dövlət tərəfindən pulsuz verilmiş avtomaşını idarə etməkdə çətinlik çəkərsə, onda həmin avtomaşının idarə olunmasını onunla birlikdə yaşayan, sürücülük vəsiqəsi olan ailə üzvünə həvalə edə bilər. Əlillərin həmin avtomobilləri başqa bir şəxsə satmaq səlahiyyəti yoxdur".

Elman Babayevin sözlərinə görə, həmin avtomobillərin eynisini zavod digər vətəndaşlar üçün də istehsal edir və satışa çıxarır: "Əgər kimsə həmin avtomobildən almaq istəyirsə, təbii ki, zavod istehsal etdiyi və satışa çıxardığı üçün pulunu verib ala bilər".

Odur ki, küçədə əlillərin sürdükləri avtomobillərin eynisini görəndə sizi çaşdırmasın - həmin avtomobilləri zavoddan əlil olmayan şəxslər də alıb sürürlər.

Satış elanı saytlarında da bu markadan olan maşınlar satışa çıxarılır.

Qeyd edək ki, əlil səhhəti ilə əlaqədar dövlət tərəfindən pulsuz verilmiş avtomaşını idarə etməkdə çətinlik çəkərsə, onda həmin avtomaşının idarə olunmasını onunla birlikdə yaşayan, sürücülük vəsiqəsi olan ailə üzvünə həvalə edə bilər. Bunun üçün o, aşağıda göstərilən sənədləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etməlidir.

- avtomaşının texniki pasportunun surəti;

- şəxsiyyət vəsiqəsinin surəti;

- yaşayış yerindən arayış;

- ərizə.

Əlil vətəndaşa verilmiş avtomaşınının digər şəxs tərəfindən idarə edilməsi üçünaşağıdakı sənədlər təqdim edilməlidir:

- Əlil vətəndaşın şəxsiyyət vəsiqəsinin surəti (Notarial qaydada təsdiq olunmuş);

- Avtomaşının texniki pasportunun surəti (Notarial qaydada təsdiq olunmuş);

- Digər şəxsin şəxsiyyət vəsiqəsinin surəti (Notarial qaydada təsdiq olunmuş);

- Sürücülük vəsiqəsinin surəti (Notarial qaydada təsdiq olunmuş);

- Hər ikisinin yaşayış yerindən arayış.

Əlil vəfat etdikdə dövlət tərəfindən ona verilmiş avtomaşın ailə üzvlərindən birinin adına keçirilməlidir. Bu zaman aşağıdakı sənədlər təqdim olunmalıdır:

Əgər vəfat etmiş əlil vətəndaşın həyat yoldaşı varsa:

1. Pulsuz avtomaşın almış əlilin ölüm şəhadətnaməsinin surəti (Notarial qaydada təsdiq olunmuş);

2. Avtomaşının texniki pasportunun surəti (Notarial qaydada təsdiq olunmuş);

3. Nigah haqqında şəhadətnamənin surəti (Notarial qaydada təsdiq olunmuş);

4. Vəfat etmiş əlil vətəndaşın həyat yoldaşının ərizəsi;

5. Vəfat etmiş əlil vətəndaşın həyat yoldaşının şəxsiyyət vəsiqəsinin surəti (Notarial qaydada təsdiq olunmuş).

Əgər vəfat etmiş əlil vətəndaşın həyat yoldaşı yoxdursa:

1. Pulsuz avtomaşın almış əlilin ölüm şəhadətnaməsinin surəti (Notarial qaydada təsdiq olunmuş);

2. Avtomaşının texniki pasportunun surəti (Notarial qaydada təsdiq olunmuş);

3. Varislik haqqında arayış (Notarial qaydada təsdiq olunmuş);

4. Maşın veriləcək varisin ərizəsi;

5. Maşın veriləcək varisin şəxsiyyət vəsiqəsinin surəti (Notarial qaydada təsdiq olunmuş);

6. Digər varislərin ərizələri, şəxsiyyət vəsiqələrinin surəti (Notarial qaydada təsdiq olunmuş).

Nicat

DİGƏR XƏBƏRLƏR

Top