Türkiyədə əcnəbilərə mənzil satışı 22 faiz artıb

2017-ci ildə Türkiyədə əcnəbilərə mənzil satışı 2016-cı illə müqayisədə 22,2 faiz artıb.

Yeniavaz.com-un “Hürriyet” qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Statistika Komitəsinin hesabatında deyilir. Hesabata əsasən, ötən il Türkiyədən ən çox mənzil alanlar İraq vətəndaşları olublar. Onlar 2017-ci il ərzində Türkiyədən 3805 mənzil satın alıblar. İraqı 3345 mənzillə Səudiyyə Ərəbistanı, 1691 mənzillə Küveyt, 1331 mənzillə Rusiya və 1078 mənzillə Əfqanıstan izləyir.

Türkiyədə 2017-ci ildə mənzil alan ölkələrin vətəndaşlarının sıralaması aşağıdakı kimidir: İraq, Səudiyyə Ərəbistanı, Küveyt, Rusiya, İran, Əfqanıstan, Almaniya, Azərbaycan, Misir, İngiltərə, Yəmən, İordaniya, Ukrayna, Qətər, İsveç, Birləşmiş Ərəb Əmirlikləri, Fələstin, Qazaxıstan, Livan, Özbəkistan.

Türkiyədə ötən il əcnəbilərə satılan mənzillərin sayına görə birinci yeri İstanbul tutub. İstanbulda 8182 mənzil xaricilərə satılıb. İkinci yeri 4707 mənzilə Antalya, üçüncü yeri 1474 mənzillə Bursa, dördüncü yeri isə 1079 mənzillə Yalova tutub.

DİGƏR XƏBƏRLƏR

Top