İbtidai sinif şagirdlərini bu qədər yükləmək hansı məntiqə söykənir?

“Qızım keçən il birinci sinifdə oxuyanda Mirzə Ələkbər Sabirin həyat və yaradıcılığını keçmişdilər, dünən baxıram ki, Ameriqo Vespuççinin Amerikanı kəşfindən danışılır. İbtidai sinif şagirdlərini bu qədər yükləmək hansı məntiqə söykənir?”.

“Yeniavaz.com” xəbər verir ki, bu barədə tanınmış jurnalist, publisist Coşqun Eldaroğlu yazıb. O, ibtidai siniflərin dərs yükünün ağırlığıdan və başqa ölkələrin təhsil sistemindən bəhs edib.

İkinci sinifdə oxuyan qızının dərslərindən misal verən jurnalist bildirib ki, hər dəfə ev tapşırığını yerinə yetirmək zamanı gələndə uşaq dilxor olur: “Çünki onu 3-4 saatlıq ağır iş gözləyir. Onsuz da hər gün pis şərtlərlə ictimai nəqliyyatda məktəbədək uzun yol gedir. Üstəlik, ağır dərs proqramı və bitib tükənməyən ev tapşırıqları. Hiss eləyirəm ki, məktəbə sevgisi azalıb. Çox yorulur. Yeni il bayramı ərəfəsində cəmi 5 gün dincəlmək imkanı qazandılar, onun da 2-si şənbə-bazara düşürdü, dərsə getməmək haqqıydı. Dostlarla danışanda məlum oldu ki, Ukraynada şagirdlər qış tətilindən yanvarın 15-də, Norveçdə isə 10 günlük istirahətdən sonra qayıdıblar.
Mən hər dəfə qızımı məktəbə aparanda aşağı sinif şagirdlərinin ağır çantaları necə çətinliklə daşıdığını görürəm. Çünki əlavə dərs vəsaiti çoxdu. Qızım ikinci sinifdə oxuyur. Təkcə riyaziyyatdan 4 dərs vəsaiti var. Başqa fənlərin dərslik yükü də öz yerində.
Birinci sinifdə Mirzə Ələkbər Sabirin həyat və yaradıcılığını keçmişdilər, dünən baxıram ki, Ameriqo Vespuççinin Amerikanı kəşfindən danışılır. İbtidai sinif şagirdlərini bu qədər yükləmək hansı məntiqə söykənir? İkinci sinif Azərbaycan dili kitabında bəzi mətnlər üç səhifəni əhatə eləyir. Riyaziyyatdan evə elə məsələlər verilir ki, təkcə valideyn həll üçün xeyli baş sındırmalı olur”.

Norveçdəki dərs vəsaitləri haqqında da məlumat verən C. Eldaroğlunun sözlərinə görə, bu ölkədə heç bir halda aşağı sinif şagirdlərinə qiymət yazılmır: “Müqayisə üçün sizi Norveçdəki dərs vəsaitləri ilə tanış eləmək istəyirəm. Aşağıda şəkillərini qoymuşam. Şagirdlərə qiymət əvəzinə, yalnız kiçik ulduzlar və yapışqanlı şəkillər verilir. Uşaqlara ilk qiymət 8-ci sinifdə yazılır. İbtidai sinif şagirdləri üçün hələ dərs ilinin əvvəlində hədəflər yazılı şəkildə tərtib olunur və hər dəfə şagirdin individual inkişafına nəzər salmaq üçün görüşərkən (ildə 4 dəfə) bu hədəfləri, inkişaf səviyyəsini təhlil eləyirlər. Uşaq, valideyn və müəllimin üçlükdə ayrıca yarım saatlıq görüşü olur. Uşağın fikri dinlənilir və axırda lazım olarsa, valideyn müəllimlə təklikdə danışır.
Hər həftə müəllim həftəlik tədris planı hazırlayaraq, uşaqların çantasındakı qovluğa qoyur. Qovluqları və məktəb ləvazimatlarını dövlət alır. Həftəlik tədris planında hər gün məktəbdə keçiləcək mövzu, hədəf və ev tapşırığı qeyd olunur. Ev tapşırıqlarının yerinə yetirilməsi 35-40 dəqiqədən çox vaxt aparmır.
Yəqin ki, şəkillər sizə çox şey deyir. Məsələn, Norveçdəki ikinci sinif riyaziyyat kitabında gördüyünüz misalların həllini qızımdan burada hələ birinci sinfin əvvəllərində tələb eləyirdilər. Norveç dili kitablarında ibtidai sinif şagirdlərinə oxumağa əsasən kiçik və orta həcmli mətnlər verilir. Bizdəki kimi kitabda siyasi yüklü material əksini tapmır, daha çox insanpərvərlik təbliğ olunur. Aşağıda uşaqların televizora baxdığı mətnin şəklini görürsüz. Həmin hekayədə qardaş və bacının başqa ölkədə yaşayan bir ailəyə köməyindən bəhs olunur. Həmin ailə sel nəticəsində evini itirib. Qardaş və bacı qərara alır ki, şirniyyat sataraq, həmin ailəyə kömək eləsinlər”.

DİGƏR XƏBƏRLƏR

Top