Mingəçevirdə suyu kəsilən şəhid bulağı - Valideynləri dünyasını dəyişəndən sonra baxan yoxdur

Qarabağ uğrunda gedən döyüşlərdə həlak olan oğul və qızlarımızın adını əbədiləşdirmək, xatirəsini əziz tutmaq üçün Azərbaycanın bütün bölgələrində abidələr qoyulub, parklar salınıb. Lakin son zamanlar bəzi həmvətənlərimiz şəhidlərin adına ucalan abidələrə qarşı laqeyd davranır, dağılan şəhid bulaqlarına göz yumurlar.

Şəhidlərimizin silinən şəkilləri, oxunmaz olan adları, tökülüb dağılan daşları, şəhid bulaqlarının sıradan çıxan su boruları kimisə narahat etmir. Bəzi yerlərdə həmin xatirə bulaqlarının yerləşdiyi əraziyə nəzarət edən mənzil istismar sahələrinin əməkdaşları laqeydlik göstərir, onların bərpası naminə heç bir addım atmırlar.

Mingəçevir şəhəri, Təbriz küçəsi 13-də Azər Əliyevin, R. Rza 18 və 25-də Elşən Rzayevin və Xəzər Əliyevin, Maqomayev 6-da Amil Məmmədovun və digər şəhidlərimizin adına ucaldılan xatirə bulaqları pis vəziyyətdə idi və hətta bulağa su sayğacı quraşdırılmışdı.

Bir neçə dəfə bu barədə çəkiliş etdikdən sonra həmin şəhid bulaqları bərpa edildi, su sayğacları yığışdırıldı (valideynlərinin get-gəlindən sonra). Lakin İslam İslamzadə küçəsindəki şəhid Elxan Kərimovun xatirə bulağı eyni vəziyyətində qalıb. Ona görə ki, bu şəhidin valideynləri, qardaşları Elxan şəhid olandan sonra müxtəlif illərdə dünyadan köçdülər.

Elxanın valideynlərinin hazırlatdıqları xatirə bulağı hazırda çox pis vəziyyətdədir. Hər gün buradan minlərlə insan keçir.

Valideynləri yoxdur deyə, bu bulağa sahib çıxan olmayacaq?

Hansı şəhidin valideyni sağdırsa, səs-küy salıb şəhid oğullarının xatirə bulağını düzəltdirdilər. Bəs bu bulağa növbə nə vaxt çatacaq? Təəssüf ki, aylardır bu sualımıza cavab verən yoxdur...

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top