
Hamımız ən azından bir və ya bir neçə utancaq insan tanıyırıq. Lakin bəzi insanlarda utancaqlıq hissi o qədər güclü olur ki, heç nədən özlərini itirir, hiss və düşüncələrini ifadə etməkdə çətinlik çəkir, ünsiyyət zamanı bəzi hallarda tutulub qalır və davranışları ilə ətrafdakıları təəccübləndirirlər. Belələrini görəndə insan düşünür ki, çox utancaqlıq elə də yaxşı bir hiss deyil. Bəs psixoloqlar bu barədə nə düşünürlər? Bu, həqiqətən bir psixoloji problemdirmi? Səbəbləri nələrdir? Müalicəsi varmı? "Yeniavaz.com" saytının bu suallarını Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, tanınmış psixoloq Elnur Rüstəmov cavablandırıb:
"Dahi Nizami Gəncəvi deyirdi:
Bir inci saflığı varsa da suda,
Artıq içiləndə dərd verir o da.
Utancaqlığın özünün də bir norması var. Normal utancaqlıq insanın kübarlığının, daxili mədəniyyətinin, onun insanlığının göstəricisi kimi dəyərləndirilir. Yəni insaniyyətin ayrılmaz bir keyfiyyəti hesab olunur. Həddən artıq utancaqlıq isə psixoloji problem kimi qiymətləndirilir".
"Gen, sosial faktorların təsiri"
Elnur Rüstəmovun dediyinə görə, insanı bu vəziyyətə gətirib çıxaran, ona təsir edən müxtəlif faktorlar var: "Birincisi, ola bilər ki, burada gen faktorunun təsiri olsun. Həmin şəxs ola bilsin ata və ya anasına çəkib. Sosial faktorun da təsiri var".
Psixoloq qeyd edir ki, aşırı dərəcədə utancaq olan insanlara ailə mühitinin də təsiri ola bilər: "Məsələn, natamam ailələrdə böyüyən uşaqlarda da aşırı utancaqlıq ola bilir. Ailədəki sosial-psixoloji faktorlardan dolayı onda utancaqlıq hissi yarana bilər".
"Onlar heç bir şeydən utanmırlar"
Həmsöhbətimizin sözlərinə görə, ümumiyyətlə utancaqlıq hissi olmayan insanlar da var: "Davranış və ünsiyyət pozuntusu olan böyüklər və uşaqlar da var ki, onlarda ümumiyyətlə utancaqlıq hissi olmur. Onlar heç bir şeydən utanmırlar. Bu özü də psixoloji pozuntu kimi dəyərləndirilir, çünki özünə nəzarət sistemi yoxdur. Bu insanlarda özünə nəzarət, özünə tənqidi yanaşma hisləri yox olur və bu da nəticədə problem yaradır".
"Qızıl orta"nı qoruyub saxlamaq...
Elnur Rüstəmov bildirir ki, bütün hallarda bu məsələdə "qızıl orta"nı qoruyub saxlamaq vacibdir: "Bu məqama diqqət yetirmək lazımdır. Həddən artıq utancaqlıq zaman keçdikcə insanın ətrafla ünsiyyətinə, münasibətinə mənfi təsir göstərir. Həmçinin utanmamağın özü də cəmiyyət tərəfindən mənfi qarşılanır. Unutmaq olmaz ki, bütün hallarda çox utancaqlığın mütləq bir səbəbi var. Birmənalı şəkildə - səbəbsiz utancaqlıq yoxdur. Burada genetik faktor da ola bilər, sosial faktor da, psixoloji faktor da".
""Yox, daha düzələn deyil" deməyin"
Həmsöhbətimiz aşırı utancaqlıqdan əziyyət çəkənlərin sağalmasının mümkün olduğunu deyir: "Həmin insanların bəziləri düşünürlər ki, yox, vəziyyət daha düzələn deyil. Onlar buna o qədər inanırlar, o qədər ümidsiz yanaşırlar ki, çıxış yolu axtarmaqda maraqlı olmurlar. Bəziləri hətta çoxları tərəfindən bilinən bu xasiyyətlərinin başqalarına deməkdə də çətinlik çəkirlər. Gizlətməyə çalışdıqları qədər utancaqlıq hissi daha çox büruzə verir və həmin insanları çıxılmaz duruma salır. Lakin onlara bildirmək istərdim ki, aşırı utancaqlığın da sağalması mümkündür. Bu, müxtəlif formalarda olur. Bu artıq patologiyadır və psixoloji pozuntu kimi dəyərləndirilir. Həmin insanlar münasibət qura bilmirlər, çox vaxt özlərinə qapalı olurlar, ətrafla ünsiyyətdən qaçırlar. Bunun psixoloji reabilitasiyasını aparırıq və çox gözəl də nəticələr var. Bu halda psixoloqa müraciət məsləhət görülür".
"Onlara öz yaxınları, doğmaları yardımçı olmalıdır"
Ekspert deyir ki, əgər bu vəziyyətdən əziyyət çəkən insanlar özləri psixoloqa müraciət etməkdən çəkinirlərsə, onlara öz yaxınları, doğmaları yardımçı olmalıdırlar: "Bəzi hallarda həmin insanların bu vəziyyətinə öz doğmaları, yaxınları biganə olurlar. Ola bilsin utancaq insanlar öz doğmalarının yanında utanmırlar deyə bu onların diqqətini çəkmir. Lakin hansısa vəziyyətdə, hansısa yerdə bunu görərkən mütləq məsləhət vermək, sonradan onlarla söhbət aparmaq vacibdir. Bəzən bir neçə söhbət və məsləhətlə də ola bilər ki, bu vəziyyət düzəlsin, problem aradan qalxsın. Ona görə də həmin insanların yaxınları diqqətli olmalıdırlar".
Nicat
Tətbiqimizi yükləyə bilərsiniz