Ermənistanın yeni prezidenti Armen Sarkisyan ola bilər

Ermənistanda hakim Respublikaçılar Partiyasının lideri, hazırkı prezidenti Serj Sarkisyan növbəti seçkilərdə prezidentliyə namizədin kim olacağını açıqlayıb. Yeniavaz.com Ermənistan mətbuatına istinadən bildirir ki, Sarkisyan bəyan edib ki, növbəti prezident seçkilərində Respublikaçılar Partiyasının prezidentliyə namizədi bu ölkənin Böyük Britaniyadakı səfiri Armen Sarkisyan olacaq. Məlumatda qeyd olunur ki, Serj Sarkisyan cümə günü səfir Armen Sarkisyanı qəbul edərək ona hakim partiyanın prezidentliyə namizədi olmağı təklif edib.

Armen Sarkisyan belə bir təklif üçün prezidentə minnətdarlığını bildirib və son qərar üçün bir neçə gün vaxt istəyib.

Qeyd edək ki, erməni siyasətçi və dövlət xadimi, diplomat, fizik Armen Sarkisyan 1953-cü il iyunun 23-də Yerevanda anadan olub. 1976-cı ildə Yerevan Dövlət Universitetinin fizika fakultəsindən məzun olub.

1984-1985-ci illərdə Armen Sarkisyan Kembriç Universitetində (Böyük Britaniya) müəllim, 1985-ci ildən 1992-ci ilə kimi Universitetin kompleks sistemlərinin kompüter modelləşdirilməsi şöbəsində dərs deyib.

1992-ci ildən diplomatik xidmətə başlayıb. 1996-97-ci illərdə Ermənistanın baş naziri olub.

Xatırladaq ki, Ermənistanda növbəti prezident seçkilərinin bu ilin mart ayının 2-də keçirilməsi gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top