Hər gün Şəhidlər Xiyabanını ziyarət edən adam - FOTO

Hər gün çoxlu sayda insan, məktəblilər, tələbələr, Mingəçevirə təşrif gətirən qonaqlar Şəhidlər Xiyabanını ziyarət edirlər. Təzə ailə həyatı quran gənclər Şəhidlər Xiyabanına gəlməyi özlərinə mənəvi borc sanırlar. Onlar burada uyuyan bacı və qardaşlarımızın xatirəsi önündə baş əyir, onlar kimi vətənə, torpağa sadiq qalacaqlarına and içirlər.

Hər il yanvarın 20-də Şəhidlər Xiyabanında xüsusi anım tədbiri keçirilir. Həmin gün Vətənin igid övladlarının xatirəsini yad etməyə gələn insan axınının ucu-bucağı görünmür, məzarlar, xiyabana gedən yollar qırmızı qərənfil yağışına qərq olur. Şəhidlərin məzarını ziyarət, insanları birləşdirir, onların fikrini, düşüncəsini bir-birinə daha yaxın edir. Bura gələn hər kəs şəhidlərin ruhu qarşısında baş əyərək and içir: Vətəni, doğma Azərbaycanımızı sizin kimi sevəcəyik!

Şəhidlər Xiyabanı ilə addımlayırıq. Burada bir tanış sima ilə rastlaşırıq. O, hər gün şəhidlərin ruhuna dualar oxuyub, şəhidlərin məzarına gələn yaxınları ilə həmsöhbət olur.

Qəlbim kədər və dərin minnətdarlıq hissləri ilə doludur deyir Elgiz Həsənov: "11 ildir Şəhidlər Xiyabanına gəlirəm. Artıq buranı özümə doğma bilirəm. Bir gün gəlməyəndə elə bilirəm ki, onlar üçün darıxıram. Onlar mənə doğmalaşıb. Hər gün bura gələn şəhidlərin yaxınlarını da tanıyıram. Burada bir şəhid var Elşad Nərimanov, onun anası Rəna xanım və atası Nəriman müəllim hər cümə axşamı əllərində gül gəlirlər. Elə şəhidlər var ki, artıq onların valideynləri rəhmətə gedib. Sanki o şəhidlər yol gözləyirlər. Biz ailədə 14 uşaq olmuşuq. Kasıb ailənin övladıyam. Bir qardaşım və övladı evində yanğın zamanı yanaraq rəhmətə getdilər. Mən özümü sakitləşdirmək üçün hər gün onların da məzarını ziyarət edir, ruhlarına dua oxuyuram. Burada aprel şəhidləri dəfn olunanda bir neçə ay özümə gələ bilmədim. Onlar gənc idilər. Bu gün də hər səhər gələndə əvvəlcə onları ziyarət edib, daha sonra buradakı bütün şəhidləri ziyarət edirəm. Bax, ondan sonra sanki bir sakitlik tapıram".

Bəli, bura Mingəçevirin Şəhidlər Xiyabanıdır, and yerimizə çevrilən bu müqəddəs məkan, Vətənin şəhid övladlarının uyuduğu ana torpaq. Onları vətəndaşlıq duyğusu, düşmənə nifrət hissi, məmləkəti azad və xoşbəxt görmək istəyi birləşdirirdi. Bu böyük qüvvənin əzəmətini, yaratdığı təlatümü təsəvvürə gətirmək çətindir. Fəqət bu adi bir ölüm deyildi. Şəhidlər ölümləri ilə əbədilik qazandılar. Allah bütün şəhidlərə rəhmət eləsin.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top