
Bakı dairəvi avtomobil yolu sürüşmə ehtimalı olan ölkə əhəmiyyətli ən böyük yollardan biridir. Hər gün bu yoldan Bakı və Sumqayıta gələn və ya bölgələrə gedən minlərlə sürücü istifadə edir.
Zaman-zaman müxtəlif səbəblərdən bu yolda çatlar əmələ gəlir. Məsələn, 2016-cı ildə bu yolda böyük çatlar əmələ gəlmişdi. O vaxt "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti məlumat yayaraq, həmin ərazidəki vəziyyətin nəzarətdə saxlanıldığını açıqlamışdı: "İntensiv yağışlar nəticəsində yol kənarına, çiyin hissəyə tökülmüş torpağın yumşalması ilə həmin hissədə çatlar əmələ gəlib. Narahatlığa əsas yoxdur. Yaxın vaxtlarda həmin ərazi bərpa olunacaq".
Sürüşmə, çökmə baş verməsin deyə bu yola nəzarətin edilməsi, diqqətdə saxlanılması vacib amillərdən biridir. Lakin qəribədir ki, son vaxtlar bu yolun kənarında müxtəlif təyinatlı obyektlər tikilir. Əlbəttə, ilk baxışdan bəlkə də burada qeyri-adi heç nə yoxdur. Problem isə ondadır ki, həmin obyektlərin içərisində "moyka"lar da var. Ərazidə olarkən avtomobillərin "moyka"ların qarşısında növbə gözlədiklərini gördük. Növbəsi çatan avtomobil isə yuyulmaqda idi. Belə bir ərazidə avtomobil yuma məntəqələrinin fəaliyyət göstərməsi sürüşmə yaratması baxımından çox təhlükəlidir. Məlumdur ki, yuyulan avtomobillərin çirkab suyu həmin yolun kənarlarına axıdılır ki, bu da o ərazidə torpaq qatının bir hissəsinin yumşalmasına, yaxud yuyulmasına səbəb olur. Bir neçə şəxsi obyektə görə dövlət əhəmiyyətli avotomobil yolunun belə bir təhlükə altına atılması nə dərəcədə doğrudur? Düzdür, ola bilsin indi həmin ərazidə heç bir problem yoxdur, ancaq belə bir şeyin olması gözləniləndir.
"Belə obyektlər tikilərkən texniki şərt bütün qurumlardan alınır"
Problemlə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli "Yeniavaz.com" saytına açıqlama verib: "Sözün açığı, məndə bu barədə məlumat yoxdur. Həmin avtomobil yuma məntəqələrinin suyu necə axıdılır, hara axıdılır, bilmirəm. Belə obyektlər tikilərkən texniki şərt bütün qurumlardan alınır. İstər Su və Kanalizasiya İdarəsi, istər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, istər Fövqəladə Hallar Nazirliyi, yəni bütün aidiyyəti dövlət qurumları ilə razılaşdırılır. Yol kənarlarında dövlət qurumlarından razılıq alınaraq inşaat işləri aparılır. O cümlədən kommunikasiya xətlərinin çəkilişi və çirkab suların harasa axıdılması məsələsi də mütləq nəzərə alınır. Ona görə də sizin dediyiniz məsələnin araşdırılmasına ehtiyac var. Əgər burada problem varsa, təkcə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə aid deyil. Biz sadəcə olaraq yolun mühafizə zolağına düşürsə, giriş-çıxışın təhlükəsiz təmin olunması məsələlərinə diqqət yetirib texniki şərti veririk. Tikintinin hər hansı bir sürüşməyə, yaxud hər hansı bir problemlərə gətirib çıxarması digər qurumların üzərinə düşən bir işdir".
Məlumat üçün bildirək ki, Bakı dairəvi avtomobil yolu nəqliyyat sıxlığının aradan qaldırılması, ağır tonnajlı yük avtomobillərinin şəhərə daxil olmadan hərəkətinin təmin edilməsi üçün nəzərdə tutulmuş yoldur və 2010-cu ilin noyabr ayında istifadəyə verilib.
Birinci dərəcəli əsas yolun uzunluğu 21,5 kilometrdir. İki istiqamətli yerli yolun uzunluğu 4,8 kilometrdir. Dairəvi yol hər iki istiqamətdə üç hərəkət zolağı olmaqla, altı hərəkət zolağından ibarətdir. Hərəkət zolaqlarının hər birinin eni 3,75 metrdir. Yol boyu baş verə biləcək sürüşmənin qarşısını almaq üçün inşa zamanı yamaclarda aşkar edilmiş çatların və sürüşmənin qarşısının alınması məqsədilə 19 min 300 kvadratmetrlik torpaq istinad divarları, həmçinin beton divarlar tikilib. Yol Küveyt Fondu, Abu Dabi Fondu və Azərbaycan hökumətinin birgə maliyyələşdirilib.
Nicat


Tətbiqimizi yükləyə bilərsiniz