Avtomobil idxalının kəskin artmasının səbəbi nədir?

Ötən il Azərbaycana xaricdən 13 min 98 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.

Yeniavaz.com Dövlət Gömrük Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, bu, 2016-cı illə müqayisədə 7 min 352 ədəd və yaxud 2,3 dəfə çoxdur. Hesabat dövründə sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 91 ədəd və yaxud 94,8% artaraq 187-a, əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin idxalı 6 619 ədəd və yaxud 2,3 dəfə artaraq 11 min 610-a, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin idxalı 656 ədəd yaxud 2,1 dəfə artaraq 1227-ə, xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 14 ədəd yaxud 16% azalaraq 74-ə bərabər olub.

Məlumat üçün qeyd edək ki, avtomobil idxalının kəskin artması əsasən bu ilin noyabr-dekabr aylarında qeydə alınıb. Noyabr-dekabr aylarında ölkəyə gətirilən avtomibillərin bu qədər kəskin şəkildə artmasında bu ilin yanvarın 1-dən etibarən ölkəyə gətirilən minik avtomobillərinə tətbiq edilən gömrük rüsumlarının artırılması əsas səbəb olub. Bildiyimiz kimi, Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilən "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri” barədə qərarına əsasən yanvarın 1-dən etibarən ölkəyə gətirilən avtomobillərin qiyməti istehsal ilinə görə 72-75% arasında bahalanacaq.

Qeyd edək ki, əvvəllər köhnə (istehsal tarixi 1 ildən çox olan) avtomobillər üçün mühərrikin həcminin hər 1 kubsantimetri üçün 0,70 dollar (1,2 manat) gömrük rüsumu alınırdı. Bu ildən etibarən isə bu rəqəm 1,20 dollar (2,1 manat) olub. Bu o deməkdir ki, ötən il ölkəyə gətirilən və mühərrikinin həcmi 2200 kubsantimetr olan avtomobillərdə 2618 manat rüsum alınırdısa, bu ildən etibarən 4488 manat olacaq.

DİGƏR XƏBƏRLƏR

Top