
Goranboy rayonu Qızılhacılı qəsəbəsi yaxınlığında yerli sakinlər arasında buruq adlandırılıan qeyri-adi bir məkan var. Hələ bir neçə kilometrdən oradan qalxan buğ, gecələr isə dayanmadan yanan alov ilk dəfə görənləri təəccübləndirir. Yaxınlaşdıqca isə daha heyrətamiz mənzərə gözlər qarşısında canlanır. Burada heç bir xüsusi qurğu, mator və ya nasos olmadan yerin altdan çıxan su yanaraq fontan vurur. Suyun istiliyi isə müsbət 20-25 dərəcə olur.
Yerli sakinlərin sözlərinə görə, 10 illərdir axan bu su min bir dərdə dərman olsada, onlara ziyanından başqa xeyri dəyməyib. Belə ki, duzlu və kükürdlü su hektarlarla ərazinin şoranlaşmasına səbəb olur. Onların bildirdiyinə görə, su neft axtarmaq məqsədilə 1947-ci ildə aparılan kəşfiyyat işləri aparılan zaman üzə çıxıb. Yalnız çox sonralar kənd sakininin Əlizadə Şirinovun səyi nəticəsində bu suyun faydalı tərəfləri əhaliyə məlum olub.
Bu haqda "Yeniavaz.com" saytının müxbirinə danışan qəsəbə sakini hələ sovetlər vaxtından buranın daha çox insanın istifadəsi üçün abadlaşdırılmasna çalışsa da istəyinə nail olmadığını deyir.
Sovetlər dönəmində kolxozda zootexnik kimi fəaliyyət göstərən Əlizadə Şirinov suyun faydalı xüsusiyyətlərini ilk olaraq heyvanlarda müşahidə edib. Kolxozun camışçılıq fermasının heyvanlarının bu suda çimdiklərindən onlarda heç vaxt dəri xəstəliyinin olmadığını görüb. Bu səbəbdən suyun müalicəvi tərkibini araşdıqmaq fikrinə düşən Əlizadə Şirinov 1988-ci ildə sudan nümunə götürərək Moskvaya - SSRİ Səhiyyə Nazirliyinin Mərkəzi Kurortologiya və Fizioterapiya Elmi-Tədqiqat İnstutuna göndərib. Cavab isə gözlənilən olub. Bu sudan oynaq- hərəkət aparatının, periferik əsəb sisteminin, ürək-damar, dəri xəstəliklərinin və ginekoloji xəstəliklərin xroniki formalarını müalicə etməyin mümkünlüyü bildirilib. Hətta nazirliyin Müalicə-Profilaktika Yardımı Baş İdarəsi kolit xəstəliyinin müalicəsi məqsədilə sudan müəyyən dozada içilə biləcəyini də deyib.
Bu cavablardan sonra Əlizadə Şirinov ərazidə bir müalicəxana tikilməsi üçün səylərə başlayıb. Demək olar ki, rayon rəhbərliyindən tutmuş SSRİ prezidentinə kimi müraciət edib. Nəhayət, uzun yazışmalardan sonra respublika Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat, Tibbi Bərpa və Təbii Amillərlə Müalicə İnstutundan mütəxəsislər gələrək suyun tərkibini yerində yoxlayıb. Yod, brom və müxtəlif minerallarla zəngin olan bu suyun müalicədə istifadə edilməsi bir daha təsdiqlənib.
Nəticədə 90-cı illərin əvvəllərində suyun çıxdığı ərazidə 12 nəfərin eyni vaxtda müalicə ala biləcəyi 6 metr enində 27 metr uzununda müalicəxana tikilməsi üçün layihə hazırlanıb, smeta tutulub.
Lakin müharibənin başlanması, imperiyanın dağılması ilə bir çox layihələr kimi bu layihədə arxiv sənədinə çevrildi. Əlizadə Şirinov müstəqillik illərində də müalicəxananın tikintisi üçün çalışsada bu proses onun üçün yalnız stress və zaman itkisi ilə nəticələnib. Beləcə, minlərlə insanın şəfa tapa biləcəyi, minlərlə turist cəlb etməyə qadir xəzinə axaraq yalnız ziyan verir.
Esmira Hidayətova, Goranboy
Tətbiqimizi yükləyə bilərsiniz