
Bu gün dünyada milyonlarla insan iş tapmaq ümidilə öz ölkələrini tərk edərək başqa dövlətlərə üz tuturlar. Bəzi insanlar isə iş şəraitlərindən və aldıqları əmək haqlarından narazı olduqları üçün digər ölkələrə yollanırlar. Hazırda Azərbaycanda aşağı əməkhaqqı alan və digər ölkələrə getmək üçün yollar axtaran peşə sahiblərindən biri də jurnalistlərdir. Bəs görəsən aldığı əməkhaqqından narazı olan jurnalistlər başqa ölkələrdə jurnalistlərin nə qədər qazandıqlarından xəbərləri varmı? Yeniavaz.com-un ayrı-ayrı ölkələrin statistika idarələrinə istinadən apardığı hesablamaya görə, təxminən 25-35 yaşlarında, 5 illik iş təcrübəsi olan və həftədə 48 saat işləyən ali təhsilli bir jurnalist (müxbir) Almaniyada ay ərzində orta hesabla 3 min 720 dollar qazana bilir. Bundan başqa jurnalistlər ABŞ-da ay ərzində orta hesabla 3 min 340 dollar, İsveçdə 2 min 750 dollar əməkhaqqı alırlar. Qərbdən şərqə doğru irəlilədikcə həmkarlarımızın maaşı nəzərəçarpacaq dərəcədə aşağı düşür. Məsələn, Şərqi Avropanın lider dövlətlərindən olan Polşada jurnalistlər cəmi 945 dollar maaş alırlar. Afrikalı jurnalistlərin vəziyyəti də ürəkaçan deyil. Qara qitənin öndə gedən dövlətlərindən, Cənubi Afrika Respublikasında (CAR) jurnalistlər orta hesabla 920 dollar əməkhaqqı alırlar. Afrikanın kasıb ölkələrindən olan Nigerdə isə jurnalistlərin əmək haqqı 340 dollar təşkil edir. Qonşu Rusiyada isə ən az qazananlar arasında jurnalistlər də var. Bu ölkədə bizim həmkarlar ay ərzində orta hesabla 550 dollar qazanırlar. Başqa bir region ölkəsi Türkiyədə isə jurnalistlərin orta aylıq əmək haqqı təxminən 600 dollara bərabərdir. Azərbaycana gəldikdə isə bizdə jurnalistlərin orta hesabla ayda 270 dollar (460 manat) qazandıqları söylənilir. Gördüyümüz kimi bizdə jurnalistlərin əməkhaqqı yuxarıda adlarını qeyd etdiyim ölkələrdən ən yaxşı halda 2-3 dəfə aşağıdır. Azərbaycanda jurnalislərin əməkhaqqı ölkədəki orta aylıq əməkhaqqından aşağıdır. Qeyd edək ki, Statistika Komitəsinin açıqladığı sonuncu məlumata görə Azərbaycanda orta aylıq əməkhaqqı 525 manat olub. Lakin adlarını yuxarıda qeyd etdiyim ölkələrin heç birində jurnalistlərin əməkhaqqı satıcılardan aşağı maaş almır. Məsələn, jurnalistlərin ən aşağı əmək haqqı aldığı Rusiyada belə orta aylıq əmək haqqı (540 dollar) jurnalistlərin əmək haqqından yüksək deyil.
Tətbiqimizi yükləyə bilərsiniz