Çexiya Azərbaycan və Ermənistanı Praqanın daxili işlərinə qarışmamağa çağırdı

Çexiyanın xarici işlər naziri Martin Stropnitski Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan və Rusiya səfirlərini Praqanın daxili işlərinə qarışmamağa çağırıb.

“Yeniavaz.com”un Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Çexiya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən məktubda deyilir. 2017-ci il dekabrın 22-də qeyd edilən ölkələrin səfirləri Praqada marşal Konevin abidəsi önünə yeni lövhənin yerləşdirilməsinin əleyhinə çıxıblar. Lövhədə vurğulanır ki, marşal Konev 1945-ci ildə təkcə Praqanın azad edilməsində deyil, həmçinin 1956-cı ildə Macarıstanda və 1968-ci ildə Praqada üsyançı hərəkatların yatırılması əməliyyatlarında iştirak edib.

Səfirlərin məktubunda deyilir ki, yeni lövhə abidənin əhəmiyyətini aşağı salır və faşizmə qarşı mübarizədə həlak olanların xatirəsinə hörmətsizlikdir. M. Stropnitski xatırladıb ki, Çexiya hakimiyyətinin bələdiyyə işlərinə qarışmağa hüququ yoxdur, abidə isə Praqanın prefekturalarından birinə məxsusdur: “Konevin abidəsinin taleyi Çexiya hakimiyyəti və vətəndaşlarının daxili işidir”.

O, ümid etdiyini bildirib ki, səfirlər bundan sonra qarşılıqlı münasibətlərin inkişafına xidmət etməyən mövzulara toxunmayacaqlar.

DİGƏR XƏBƏRLƏR

Top