2017-ci il dekabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 521,2 min nəfər olub, onlardan 881,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 640,1 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, muzdla işləyənlərin 21,8 faizi təhsil, 19,1 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 13 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 6,6 faizi tikinti, 4,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 10,9 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olub.
2017-ci ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı yanvar-oktyabr aylarına nisbətən 0,07 faiz və ya 40 qəpik azalaraq 525 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də tikinti sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.