Nazir: "Pambıq istehsalına görə 30 milyon manatadək subsidiya verilib"

2017-ci ilin dövlət büdcəsinin gəlirləri və xərcləri təsdiq olunan proqnoza qarşı 98 faiz səviyyəsində icra olunub və müvafiq olaraq 16 milyard 447 milyon manat və 17 milyard 588 milyon manat təşkil edib. Yeniavaz.com xəbər verir ki, bu barədə maliyyə naziri Samir Şərifov məlumat verib. Nazir qeyd edib ki, büdcə proqnozu ilə nəzərdə tutulan mədaxil mənbələrindən 736 milyon manat az vəsait daxilolmasına baxmayaraq, gömrük daxilolmalarının 16 faiz və ya 359 milyon manat çox olması, əlavə həcmdə dövlət qısamüddətli istiqrazlarının daxili bazarda satılması və büdcə xərclərinin səmərəliliyinin artırılması hesabına büdcə təşkilatlarının təqdim etdikləri məxaric sifarişləri dövlət büdcəsinin təsdiq olunan xərcləri çərçivəsində tam icra olunub: "2017-ci ildə sosial sahənin prioritet qaydada maliyyələşdirilməsi məqsədilə 5 milyard 52 milyon manat və ya dövlət büdcəsi xərclərinin 28,7 faizi həcmində vəsait yönəldilib. Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, onların yaşayış şəraitinin yaxşılaşdırılması üçün 2017-ci ilin icmal və dövlət büdcələrindən üst-üstə 326 milyon manat, o cümlədən dövlət büdcəsindən 221 milyon manat, Dövlət Neft Fondunun büdcəsindən 105 milyon manat vəsait ayrılıb. 2017-ci ilin dövlət büdcəsinin vəsaiti hesabına investisiya xərclərinə 2 milyard 690 milyon manat vəsait yönəldilməklə, nəzərdə tutulan bütün layihələrin maliyyələşdirilməsi təmin edilib. Bu mənbədən elm, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 651 milyon manat, ölkənin əsas enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisi və yenidən qurulması üçün 1 milyard 237 milyon manat vəsait ayrılıb. Hesabat dövrü ərzində dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərclərindən Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsi üçün 67 milyon manat vəsait sərf edilib. Bu, 2016-cı illə müqayisədə 35 milyon manat və ya 2,1 dəfə çoxdur.

Kənd təsərrüfatına dövlət dəstəyinin daha da artırılması, pambıqçılığın, taxılçılığın, baramaçılığın, tütünçülüyün və heyvandarlığın kompleks inkişafının genişləndirilməsi, ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsi üçün 2017-ci ilin dövlət və icmal büdcələrindən üst-üstə 581 milyon manat vəsait ayrılıb. Pambıqçılığa dəstək məqsədilə xüsusi təyinatlı kənd təsərrüfatı texnikalarının alınmasına son iki ildə dövlət büdcəsindən 295 milyon manat vəsait ayrılıb, pambıq istehsalına görə 30 milyon manatadək subsidiya verilib. Kənd təsərrüfatı dövriyyəsinə əlavə suvarılan torpaq sahələrinin daxil edilməsi, meliorativ sistemin müasir tələblər səviyyəsinə uyğun modernləşdirilməsi və mütərəqqi suvarma üsullarının tətbiqi üçün 2017-ci ilin dövlət və icmal büdcələrindən ayrılan vəsait və xaricdən cəlb edilmiş kreditlər hesabına cəmi 461 milyon manat vəsait yönəldilib".

DİGƏR XƏBƏRLƏR

Top