Onu bıçaqlayan dostundan şikayətçi olmadı - “Müalicəmə kömək etsin”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində gəzdiyi qadına görə dostunu bıçaqlamaqda təqsirləndirilən Namiq Hüseynovun məhkəməsi keçirilib. Hakim Samir Əliyevin icraatında olan prosesdə ifadə verən N.Hüseynov özünü günahkar bildiyini deyib: “Bir məsələyə görə aramızda mübahisə oldu, mən də bıçaqladım. Amma öldürmək istəmirdim”. Bıçaqlanan Qalib Məmmədov da məhkəmədə hadisə barədə danışıb: “Namiqlə çoxdan tanış idim. Əvvəl davamız düşdü, sonra da məni bıçaqladı. İndi şikayətçi deyiləm. Ağrılarım var, müalicəmə kömək etməyini istəyirəm”. Məhkəmə istintaqı yekunlaşıb, dövlət ittihamçısı çıxış üçün vaxt istəyib. Növbəti iclasda N.Hüseynova cəza istənilməsi gözlənilir. Proses yanvarın 17-də davam etdiriləcək.

Xatırladaq ki, 2017-ci il avqustun 20-də Nizami rayonunda gecə saat 03:00 radələrində Q.Məmmədovla rastlaşan N.Hüseynov onu qeyri-rəsmi nikahda yaşadığı qadına qısqandığını deyərək döyüb. Daha sonra o, yaxınlıqda yerləşən “Qızıl Qaya” kafesinin mətbəxindən bıçaq götürərək geri qayıdıb və Q.Məmmədovun kürək nahiyyəsinə bir neçə bıçaq vurub. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub. Qafqazinfo

DİGƏR XƏBƏRLƏR

Top