Suriyada Rusiya və Türkiyə arasında gərginlik yaranıb

Yanvarın 6-da Rusiyanın Suriyadakı Hmeymim aviabazasının suriyalı müxalif qruplar tərəfindən pilotsuz uçuş aparatları (PUA) ilə hücuma məruz qalması iddiasından sonra Moskva və Ankara arasında gərginlik yaranıb. “Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Ankara İdlibdə təhlükəsizlik sazişinin rejim qüvvələri tərəfindən pozulduğuna görə Rusiya və İran səfirlərini Xarici İşlər Nazirliyinə çağırıb. Bu arada Rusiya Müdafiə Nazirliyinin Türkiyə Silahlı Qüvvələr Baş Qərargah rəisi Hulusi Akar və Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidana PUA hücumları ilə bağlı məktub göndərdiyi iddia edilir. Rusiyalı hərbi mütəxəssislər aviabazaya hücum edən 13 PUA-dan üçünü yerə endirib. Onların İdlib bölgəsindəki Muazzara qəsəbəsindən havaya qaldırıldığı müəyyənləşib. Həmin ərazinin təhlükəsizliyini Türkiyə təmin etməlidir. Məktubda H. Akar və H. Fidandan bölgədə təhlükəsizliyi təmin etmələri istənilib. İdlibdə təhlükəsizliyi təmin etmək üçün Türkiyə 12 müşahidə məntəqəsi qurmalıdır. Hazırda Türkiyə 3 nəzarət məntəqəsini qura bilib və təxminən 500 əsgər müşahidə aparır.

DİGƏR XƏBƏRLƏR

Top