
Goranboy rayonunun Qaradağlı kəndi Azərbaycanda ən çox göyərti becərən kənddir. Əvvəllər pambıq sahələri olan ərazilər 1997-ci ildə torpaq islahatına əsasən sakinlərə paylanıb. O vaxtdan başlayaraq 1000-ə yaxın təssərrüfatı olan kənddə hər ailə tərəvəz becərərək, dolanışığını bu yolla çıxarmağa başlayıb. Burada gün ərzində 30-40 min dəstə göyərti bağlanaraq Bakıya, az miqdarda isə Rusiya bazarlarına göndərilir.
Artıq 20 ilə yaxındır tərəvəzçiliklə məşğul olan kənd sakini Sərdar Bayramov bu işin incəlikləri barədə "Yeniavaz.com” saytına danışıb. Fermer, əkin sahələrində ən çox cəfəri, şüyüd, göy soğan, pencər becərdiklərini, yetişdirdikləri məhsulun Azərbaycanda "Goranboy göyü" kimi tanındığını bildirib: "Kənddə hər kəsin torpaq sahəsi var və hərə 10-20 sotdan tutmuş yarım hektara qədər ərazidə tərəvəz əkib becərir. İlin bütün fəsillərində Qaradağlıda göyərti becərib satışa çıxarırıq. Qış aylarında ən çox göy soğana üstünlük veririk. Soyuğa davamlı olduğundan onu yaza kimi saxlamaq mümkündür. Digər tərəvəzlər isə soyuğa həssas olduğundan üstünü bağlayırıq".
Fermer təsərrüfatın çətinliklərindən də danışıb. Əzab-əziyyətlə yetişdirilən məhsulun 6-8 qəpiyə satıldığını, bu səbəbdən də təssərüfat xərclərini çıxdıqdan sonra cüzi gəlir qaldığını deyib: "Təsərrüfat xərclərini çıxdıqdan sonra dəstəsində 2 qəpik bizə qalır. İl ərzində də bütün ailə üzvlərimizlə bərabər sahələrdə oluruq. Hazırda ən çox satdığımız soğandır. Günortadan sonra sahələrə çıxıb qaranlıq düşənə kimi məhsul yığırıq. Gecə 12-ə kimi təmizləyib, dəstələyirik ki, səhər alverçilər gəlib aparacaq. Beləliklə, gündəlik çörəkpulumuzu çıxarırıq".
Bakı şəhərinin göyərti tələbatının 80%-nin Goranboy göyünün ödədiyini bildirən digər fermer Fuad Tağıyev də hazırkı qiymətlərin çəkdikləri əziyyəti ödəmədiyini deyib: "3 il bundan qabağadək birtəhər dolanmaq olurdu təssərüfatla. İndi günü gündən manat dəyərdən düşsədə göyərtinin qiyməti 6-8 qəpikdən dəyişmir. Dərmanlar, gübrələr, suvarma pulu və gündəlik xərclər isə günbgün bahalanır".
"Bizə qalan odur ki, bütün günü işləyəndən sonra gecəni rahat yatırıq",-deyə zarafatından qalmır kənd sakini.
Becərdikləri məhsulun əvvəllər Rusiya bazarlarına çıxarıldığını deyən kənd sakinləri gömrük rüsumları səbəbindən artıq xaricə mal çıxara bilmədiklərini bildirirlər. Onların bildirdiyinə görə, təyyarə ilə göndərilən hər kiloqram göy üçün 1 dollar ödəniş tələb olunur və nəticədə xaricə çıxarılan maldan gəlir götürə bilmirlər.
Yetişdirdikləri məhsulun Azərbaycanda ən keyfiyyətli göyərti olduğunu iddia edən Qaradağlı sakinləri bunu əkin sahələrinin Kəpəz dağdan, Göygöldən gələn Kürəkçayın suyu ilə suvarılması ilə əlaqələndirirlər.
Kənd sakini Şahin Muxtarov digər yerlərdə istehsal olunan göylərin bazara Goranboy göyü adı altında çıxarıldığını deyib: "İndiyədək Bakıda Goranboy göylərini söyüd ağacından hazırlanan burğu ilə bağlanmasına görə tanıyırdılar. Lakin son vaxtlar burğu baha başa gəldiyindən daha ucuz başa gələn Yevlax ciliylə bağlayırıq ki, məhsulumuz artıq bununla seçilir".
Şahin Muxtarov bütün çətinliklərə baxmayaraq, Qaradağlının göyərti istehsalında liderliyi hələ ki, saxladığını vurğulayıb.
Esmira Hidayətova, Goranboy

Tətbiqimizi yükləyə bilərsiniz