SƏS YAZISI yayılan direktor danışdı - VİDEO

Bir neçə gündür saytlarda və sosial şəbəkələrdə Cəlilabad rayonu, Alar kənd 2 saylı orta məktəbin direktoru Lətif Seyfullayevə aid olduğu iddia edilən səs yazısı yayılıb. Səs yazısına qulaq asdıqda danışanın kimliyi dəqiq bilinməsə də, kimdənsə pul istənildiyi məlum olur. İddia edilir ki, səs yazısı Cəlilabad rayonu, Alar kənd 2 saylı orta məktəbinin Pedaqoji Şurasının iclasında yazılıb. Onun iclasda hər müəllimdən 50 manat yığdığı bildirilib.

Modern.az saytının yaydığı məlumatda isə qeyd olunur ki, direktor tələb etdiyi rüşvəti verməyən müəllim Azad Dadaşovu təhqir edib. Daha sonra bütün müəllimləri "kişiliyiniz çatmır?",-deyə təhqir edərək, iş yoldaşlarından Azad müəllimin "torbasını tikməyi" tələb edib.

Məktəbin adının çəkilməsini istəməyən müəllimləri bildiriblər ki, Lətif Seyfullayev əvvəllər pedaqoji sahədə çalışmayıb. 2014-cü ildə müəllimlərin işə qəbulu imtahanında iştirak etmədən müəllim təyin edilib. Qısa müddət sonra direktor müavini olan Lətif Seyfullayev sonradan məktəbə direktor təyin edilib.

İnternetdə "Lətif Seyfullayev" yazıb axtarış verdikdə isə belə məlum olur ki, bu hadisə onun adı hallandırılan ilk qalmaqallı mövzu deyil.

"Yeniavaz.com" saytı olaraq səsləndirilən iddialar və yayılan video ilə bağlı suallarımıza cavab almaq üçün Cəlilabad rayonu, Alar kənd 2 saylı orta məktəbin direktoru Lətif Seyfullayevlə əlaqə saxladıq.

Suallarımızı dinlədikdən sonra Lətif müəllim danışmaq istəməsə də, israrımızı görüb münasibət bildirdi. Dediyinə görə, onun bu hadisədən və yayılan videodan xəbəri yoxdur. Onunla qısa söhbətimizi olduğu kimi təqdim edirik:

- Lətif müəllim, saytlarda və sosial şəbəkələrdə sizə aid olduğu iddia olunan səs yazısı yayılıb. Ancaq bununla bağlı sizin mövqeyiniz yoxdur. Fikirlərinizi bilmək istəyirik.

- Mən o videoya hələ baxmamışam, xəbərim yoxdur.

- Demək olar ki, hər kəsin bu məsələdən xəbəri var, nə əcəb sizə deyən olmayıb?

- Hüzürümüz düşmüşdü. Ona görə başım çox qarışıq idi, xəbərim yoxdur.

- Bəs sizə rəsmi dövlət qurumlarından zəng vurub "bu nə məsələdir" deyə maraqlanan olubmu?

- Yox, mənə heç kim zəng vurmayıb, maraqlanan olmayıb.

- Bəs səs yazısının sizə aid olması barədə deyilənləri qəbul edirsinizmi?

- Xeyr. Səs yazısı mənə aid deyil. İttihamların heç bir əsası yoxdur.

- İclasda sizin rüşvəti verməyən müəllim Azad Dadaşovu təhqir etdiyiniz iddia olunur.

- Əgər kiminsə iddiası, şikayəti varsa, getsin hüquq-mühafizə orqanlarına müraciət eləsin. Eləyib də, cavabın alıb da. Elə bir şey yoxdur. Birinci dəfə deyil ki...

Digər suallarımızı eşitmək istəməyən direktor sağollaşaraq telefonu qapatdı.

Nicat

vid

DİGƏR XƏBƏRLƏR

Top