
Bir vaxtlar onun haqqında mətbuatda çox yazılardı. İnsafən, icra başçısı olduğu müddətdə həm Gəncə, həm də Sumqayıt şəhərində xeyli işlər görüldü. Söhbət hazırda Səbail Rayon İcra Hakimiyyətinin başçısı olan Eldar Əzizovdan gedir. Eldar Əzizov Gəncənin icra başçısı olduğu zamanlarda bir ənənənin də əsasını qoymuşdu - hər il dekabrın 24-ü, prezidentin ad günü çəkisi 10 tondan çox olan tort bişirtdirirdi.
Tortun uzunluğu isə adətən dövlət başçısının yaşına uyğun olaraq hazırlanırdı - əgər dövlət başçısının 48 yaşı tamam olurdusa 48, 50 yaşı tamam olurdusa 50 metr.
Həm Gəncə, həm də Sumqayıt şəhərində başçı olarkən Eldar Əzizov bişirtdirdiyi bu tortları mərkəzi meydanların birində kəsdirir və tədbirə gələn insanlara paylatdırırdı.
Paytaxt öz ab-habasına görə rayonlardan fərqlənir...
Eldar Əzizov Səbail Rayon İcra Hakimiyyətinin başçısı təyin olunandan sonra "tort bişirmə" ənənəsinə son qoyuldu. Hər halda mətbuatda bu barədə yazılmır, heç bir xəbər də yoxdur. Yeri gəlmişkən, bir çox icra başçıları rayonlarda çalışarkən gördükləri işlərlə mətbuatın gündəminə tez-tez gəlirlər. Söhbət hansısa qalmaqallı mövzulardan yox, tutaq ki, "filan icra başçısı yaxşı işləyir", "filan rayon abadlaşır" tipli fikirlərdən gedir. Ancaq elə ki, icra başçıları rayonlardan Bakıya gəlirlər sanki bir az gündəmdən kənarda qalırlar, gördükləri işlər diqqət çəkmir. Bunu yəqin ki, Eldar Əzizova da şamil etmək olar. Bunun bir səbəbi də paytaxtın öz ab-habasına görə rayonlardan fərqlənməsidir.
Məsələn, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Zaqatala Rayon İcra Hakimiyyətinə başçı işləyərkən daha çox diqqətdə idi, nəinki indi.
Yaxud Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı olarkən daha çox gündəmdə idi, nəinki indi.
Yaxud Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı olarkən görülən işlərlə adı daha çox hallanırdı, nəinki indi.
Bəlkə indi əvvəlkindən də çox iş görülür, ancaq mətbuatda yayılmır.
Səbail Rayon İcra Hakimiyyətindən açıqlama
Eldar Əzizovun tort bişirmə ənənəsini Səbail rayonunda davam etdirməməsinə gəlincə, bununla bağlı Səbail rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov "Yeniavaz.com" saytının suallarını cavablandırıb. İsrafil Kərimovun sözlərinə görə, həqiqətən də Səbail rayonunda Gəncə və Sumqayıtdakı kimi böyük tort bişirilməyib. Bu isə səbəbsiz deyil.
İsrafil Kərimov deyir ki, çəkisi bir neçə ton olan tort bişirilmir, ancaq bunu Azərbaycanda ən böyük xonça və paxlava əvəz edib: "İnişil Azərbaycan üzrə ən böyük xonça və paxlavanı hazırlamışdıq. Həmin xonçalar Badamdar ərazisində hazırlandı və tədbirə gələnlərə paylanıldı".
"Şəhər üçün vəziyyət başqadır"
İ. Kərimovun dediyinə görə, bu il də belə bir tədbirin olması planlaşdırılır: "Biz böyük xonça və paxlavanı Novruz bayramında hazırlamışdıq. Bu il üçün də inşallah, nə isə bir şey fikirləşəcəyik. Sumqayıtın, Gəncənin ərazisi ilə Səbailin ərazisi eyni deyil. Biz qəsəbə səviyyəsində bunu eləmişik. Mən deyərdim ki, bu ənənə davam etdirilir, ancaq başqa formada".
"Bəs niyə məhz tort bişirilmir?" sualımıza İsrafil Kərimovun cavabı belə oldu: "Belə deyim, tort bir qədər kənar ərazilər üçün aktual idi, amma şəhər üçün vəziyyət bir az başqadır. Səbail rayonu şəhərin mərkəzidir. Buranın tələbləri başqa cürdir".
Nicat
Tətbiqimizi yükləyə bilərsiniz