Açıqlanan son məlumatlara görə, ölkəmizdə iqtisadi fəal əhalinin 5%-i işsizdir. Bu, istər region ölkələri, istərsə də dünya ölkələrindəki işsizlik səviyyəsi ilə müqayisədə aşağı göstəricidir. Yeniavaz.com ayrı-ayrı ölkələrin rəsmi statistika qurumlarına istinadən bildirir ki, region ölkələrindən Gürcüstanda iqtisadi fəal əhalinin 11,8%-i, Türkiyədə 10,6%-i, İranda 12,6%-i, Rusiyada 5,1%-i, Ermənistanda isə 16,5%-i işsizdir. Lakin qeyd etmək lazımdır ki, əhalinin işlə təmini ölkənin sosial-iqtisadi uğuru olsa da, bir ölkədə işsiz insanların sayının çox olması həmin ölkənin iqtisadi cəhətdən inkişaf etmədiyi mənasına gəlməmlidir. Məsələn, Avropanın iqtisadi cəhətdən inkişaf etmiş bir ölkəsi olan İspaniyada iqtisadi fəal əhalinin 16,3%-i işsizdir. Avropa Birliyinə daxil olan ölkələrin bəzilərində isə ümumi işsizlik səviyyəsi yüksəkdir. Birliyin inkişaf etmiş ölkələrindən İtaliyada iqtisadi fəal əhalinin 11%-i, Fransada isə 9,7%-i, Portuqaliyada 8,5%-i, Belçikada 6,7%-i, Lüksemburqda 5,8%-i, İsveçdə 5,8%-i işsizdir. Habuki iqtisadi cəhətdən zəif inkişaf etmiş bəzi ölkələrdə işsizlik səviyyəsi olduqca aşağıdı. Məsələn, Tacikistanda iqtisadi fəal əhalinin cəmi 2,2%-i işsizdir.
Ümumiyyətlə dünyada ən aşağı işsizlik səviyyəsi Qətərdə qeydə alınıb - cəmi 0,1%. Ən yüksək işsizlik səviyyəsi isə Konqoda qeydə alınıb. Rəsmi statistikataya görə, Afrikanın və dünyanın ən kasıb ölkələrindən olan Konqoda iqtisadi fəal əhalinin təxminən yarısı - 46%-i işsizdir.